|
Bakı metropoliteninin xidmətlərindən hər gün yüz minlərlə şəhər sakini istifadə edir.
Onların arasında qatarda olarkən mobil telefon vasitəsilə internetə qoşulmaq istəyənlər də var. Amma metroda mobil telefonların 3G internetində problemləm yaranır. İnternet yalnız stansiyalarda “tutur”, tunellərdə isə ümumiyyətlə, yoxa çıxır. Bir müddət əvvəl Bakı metropoliteinində pulsuz Wi-Fi xidmətinin istifadəyə veriləcəyi deyilirdi. Fəqət, sonradan bu layihə nədənsə unuduldu.
Bakıda metroda pulsuz internet məsələsi 2011-ci ildən müzakirə olunur. Hətta “Koroğlu” stansiyasında pulsuz Wi-Fi olacağı da deyilirdi. Amma olmadı.
Teleqraf.az xəbər verir ki, Bakı metrpoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev milli.az-a açıqlamasında deyib: “Metroda Wi-Fi məsələsi ilə bağlı müzakirələr aparılmır. Çünki hələlik bizimçün prioritet məsələ deyil. İndi metroda ən qabaqcıl texnologiyaların tətbiqini düşünürük. Məsələn, ödəniş aparatlarının yenilənməsi və ya turniketlərin daha müasir proqram təminatı ilə təchizatını düşünürük”.
Beləliklə, Bakı metrosunda bu il də pulsuz internet olmayacaq.