|
Mayın 26-da Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qarabağ dünən, bu gün, sabah” mövzusunda XV elmi-praktik konfrans keçirilib. Musavat.com xəbər verir ki, konfransda tanınmış mütəxəssislər, ziyalılar, tarixçilər iştirak ediblər. On beş ildir keçirilən ənənəvi konfrans Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin gündəmdə saxlanılması və yayılmasıdır.
Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Həmçinin, Qarabağ uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən QAT sədri Akif Nağı konfransın məqsədi barədə məlumat verərək qeyd edib ki, hər il ölkədə və xaricdə yaşayan tanınmış mütəxəssislərin məqalələri toplanır, məruzələr dinlənir, kitab şəklində çap olunur: “Məqsədimiz Qarabağın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ilə bağlı elmi araşdırmaların aparılması, ciddi məqalələrin ortaya çıxarılması, obyektiv yazıların ərsəyə gətirilməsidir. Bu, ölkənin informasiya müharibəsinə bir töhfədir”.
Deputat Elman Nəsirov isə bildirib ki, aprel döyüşləri münaqişə ilə bağlı keyfiyyətcə yeni mərhələnin başlancığı olub: “Bu döyüşlər göstərdi ki, Azərbaycan öz torpaqlarını özü azad edə bilər. Beynəlxalq taşkilatlar isə münaqişənin həlli yolunda təsirli addım ata bilmirlər. Həm də heç bir dünya dövləti demir ki, həmin torpaqlar bizim deyil. Aprel döyüşlərində bu mövqe bir daha möhkəmləndi. Apre döyüşlərindən sonra bir neçə həqiqət üzə çıxdı. Vyana danışıqlarına Ermənistan öz xoşu ilə getməyib, onu göndəriblər. Yəni bunlar təzyiq altında baş verib. Bunlar göstərir ki, münaqişə ilə bağlı yeni situasiya yaranıb. İyun danışıqlarından, görüşündən çox şey asılıdır. Bundan sonra heç kim deyə bilməz ki, döyüşlər və irimiqyaslı əməliyyat başlamayacaq”.
Musavat.com