|
Astanada Qazaxıstan Parlamenti Məclisinin ev sahibliyində TürkPA-nın sosial, mədəni və humanitar məsələlər komissiyasının beşinci iclası keçirilib.
TürkPA-dan APA-ya verilən məlumata görə, iclasın gündəliyinin “Fəlakət və böhranın idarə edilməsində üzv ölkələr arasında əməkdaşlıq” adlı əsas mövzusuna dair müvafiq hesabat məruzəsi və tövsiyə qərarı türkiyəli millət vəkili Mustafa Bozqurd tərəfindən təqdim edilib.
Millət vəkilləri təbii fəlakətlərin qarşısının alınması və bərpa prosesi üzrə üzv ölkələr arasında qarşılıqlı fəaliyyət məsələsi, qəza vəziyyətlərinin təsirinin azaldılmasında milli səviyyədə görülən tədbirlər və ölkələr arasında təcrübə mübadiləsinin qaydaya salınmasının vacibliyini qeyd edərək, bu mövzulara dair müzakirələr aparıb.
Azərbaycan Milli Məclisinin üzvü Sevinc Hüseynova texnogen fəlakətlər probleminə toxunub və Ermənistandakı Metsamor AES-dən qaynaqlanan təhlükələr haqqında məlumatı iştirakçıların diqqətinə çatdırıb. O, aprel ayında cəbhə xəttində baş vermiş qarşıdurma zamanı erməni işğalçılarının qadağan olunmuş sursatdan istifadə etməsi barədə də danışıb.
Toplantı sədr Sadık Şer-Niyazın rejissoru olduğu qırğız tarixi filmi “Kurmanjan Datka”nın təqdimatı ilə sona çatıb.
Komissiyanın növbəti, 6-cı iclası 2017-ci ildə Qırğızıstanda keçiriləcək.