Tural Abbaslı: “Ağ blok”çular istefaların kampaniya xarakterli olmasını istəmirdilər”
Müsavat Partiyasından “Ağ blok”çuların istefası davam edir. Mayın 11-də daha doqquz nəfər partiyadan istefa verib.
Musavat.com-un xəbərinə görə, onlar Emin Məmmədli, Vüsal Qurbanlı, Samirə Həşimi, Toğrul Abbaslı, Vüsalə Əlizadə, Araz Teymurlu, Ayaz Teymurlu, Azad Ələsgərov və Tural Məmmədovdur. Toğrul Abbaslı Tural Abbaslının qardaşıdır. Bundan əvvəl isə partiyanın yeddi üzvü istefa vermişdi. İstefa verən gənc fəallar bildiriblər ki, Müsavatın ilyarım əvvəl keçirilən qurultayından sonra partiyada aparılan siyasətin müsavatçılıq ideologiyası ilə zidd olduğu qənaətinə gəliblər.
Qeyd edək ki, “Ağ blok”un təsisçilərindən Tural Abbaslı istefa verdikdən sonra onun tərəfdarları olan gənclər də partiyadan çıxmağa başlayıblar. Mayın sonunda blokun partiyaya çevriləcəyi gözlənilir.
Partiya rəhbərliyi də artıq istefa verənlərə cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, həmin gənclər partiya fəaliyyətlərini Müsavat Partiyasının 2014-cü ildə keçirilən 8-ci qurultayından sonra faktiki olaraq dayandırıblar. İndi sadəcə, gedişlərini rəsmiləşdirirlər.
Tural Abbaslı özü isə musavat.com-a bildirib ki, “Ağ blok”çular istefaların kampaniya xarakterli olmasını istəməyiblər. Onun sözlərinə görə, bir dəfəyə uzun bir siyahı ilə mətbuata çıxmağı düzgün hesab etməyiblər: “Bunu kampaniya kimi etmək niyyətində deyildik. Sadəcə olaraq istefa verənlərin arasında elə fəallar var ki, onlar üzdə idilər, aktiv idilər. Buna görə də onlar barədə məlumatlar yaymağı məqsədəuyğun bildik. Yoxsa bunu məqsədli şəkildə etmədik. Kim istəyirsə, partiyada qalıb fəaliyyətini davam etdirə bilər. Şərt deyil ki, biizm partiyaya təkcə müsavatçılar qoşulsunlar. Digər partiyalardan da qoşula bilərlər. Lap elə YAP-ın özündən də kimsə istefa verib, bizə gələ bilər. Bu, hansısa partiyanın elektoratını ələ keçirməyə hesablanmış bir aksiya deyil”.