|
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək. Aprelin 26-da isə dövlət başçısının geri qayıtması nəzərdə tutulur.
ANSPress-in mlumatına görə, o, bu gün Bakıda işə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılacaq. Forumda bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri iştirak edəcək.
Tədbirdə iştirak üçün Azərbaycana R.T.Ərdoğanla birlikdə Türkiyənin Baş nazirinin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyində Dövlət Katibi doktor Mikola Ferenc, Rumıniya Xarici İşlər Nazirliyində Dövlət Katibi Daniela Anda Grigore Gitman, Argentina Xarici İşlər Nazirliyində Səfir və Xarici Əlaqələr Katibi Karlos Foradori, Latviya Xarici İşlər Nazirliyində Parlament Katibi Zanda Kalnina Lukasevica, Oman Ali Məhkəməsinin Elm və Mədəniyyət Mərkəzi “Sultan Qaboos”un baş katibi Habib Al Riyami, Estoniyanın Xarici İşlər Nazirliyində Siyasi məsələlər üzrə katibin müavini Killike Sillaste Ellinq, İtaliya Mədəniyyət Nazirliyinin Katibinin müavini, Filippinin Prezident Administrasiyasında İcraçı Katibin müavini Alberto Bernardo, Malayziyanın Xarici işlər Nazirinin Katibinin müavini Sarah Nava Rani iştirak edəcək.
“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir. Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.
Forum 2 gün davam edəcək.