|
İctimai-siyasi qüvvələr Qarabağ məsələsi ilə bağlı biraraya gəliblər.
Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə “Azərbaycan Ordusunun 2-5 aprel uğurlu döyüş əməliyyatları: tamam, yoxsa davam?” mövzusunda dəyirmi masa keçirilib.
Musavat.com xəbər verir ki, dəyirmi masada iştirak üçün Azərbaycanın bütün siyasi partiyalarının rəhbərləri, ictimai təşkilatların təmsilçiləri, deputatlar, ekspertlər, Qarabağ müharibəsi iştirakçıları və cəmiyyətin digər təbəqələrinin nümayəndələri dəvət olunub.
Tədbirin keçirilməsində məqsəd cəbhədəki son döyüşlərin gedişi, ilkin nəticələri və mümkün perspektivləri ilə bağlı ictimai müzakirələrin keçirilməsi, cəmiyyətdə vahid mövqenin formalaşdırılmasından ibarətdir.
Tədbiri giriş sözü ilə QAT sədri Akif Nağı açdı, cəmiyyətin Qarabağ məsələsi ətrafında vahid mövqe sərgiləməsinin vacibliyini vurğuladı.
Sonra müzakirələrdə millət vəkilləri Vahid Əhmədov, Qüdrət Həsənquliyev, siyasi və ictimai qurumların rəhbərləri Arif Hacılı, İsa Qəmbər, Mübariz Əhmədoğlu, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Elşad Musayev, Akif Heydərli, Kamil Şirinov, Camal Əhmədov, Tərlan Eyvazov, İxtiyar Şirin, Tahir Abbaslı, Nəsimi Qarabağlı, Murad Sadəddinov və digərləri çıxış etdilər.
Üç saatlıq müzakirələrdən sonra QAT-ın təklif etdiyi sənəd əsas kimi qəbul olundu, xüsusi olaraq vurğulandı ki, Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi ola bilməz, bütün qüvvələr eyni hədəfə vurmalıdır, cəbhədəki son uğurlar davam etdirilməlidir, Qarabağın işğaldan azad olunması üçün bütün imkanlardan istifadə olunmalı, hərbi yol seçilməlidir.