|
Tək övladların hərbi xidmət məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarıla bilər
Azərbaycanda tək övladların və şəhid övladlarının hərbi xidmət keçməsi ilə bağlı məsələ yenidən Milli Məclisdə müzakirəyə çıxarıla bilər.
Bunu Milli.Az-açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvü Fərəc Quliyev deyib.
Millət vəkilinin sözlərinə görə, hərbi xidmətdə bəzi şəxslərə güzəştlərin olması ilə bağlı Milli Məclisdə çoxlu təkliflər səslənib və onların bəziləri artıq müzakirə edilib: "Məsələn, magistraturada oxuyanların, şəhid övladlarının, şəhidlərin tək övladlarının, ümumiyyətlə, tək övladların hərbi xidmət keçməsi ilə bağlı məsələlər zaman-zaman müzakirə edilirlər. Biz həmin müzakirələrdə fərqli mövqelər bildirə bilərik. Amma hər hansı qərar qəbul olunursa, biz ona hörmətlə yanaşmalıyıq. Təbii ki, bu məsələlər yenə də müzakirəyə çıxarıla bilər. Fikrimcə, onların nəticəsi də cəmiyyətin xeyrinə olacaq. Çünki biz həmişə çalışmışıq ki, qanunlar millətə xidmət eləsin. Biz qaydaların, sadəcə, daha da sərtləşməsində yox, həm də insanların hüquqlarına hörmət edən qaydaların tətbiqində maraqlıyıq".
F.Quliyev, həmçinin qeyd edib ki, ölkədə hərbçilərə və digər kateqoriyadan olan insanlara qarşı diqqət və qayğı ilə bağlı qanunvericilikdə hər hansı boşluğun və çatışmazlığın olduğunu düşünmür. Çünki Azərbaycanda istər şəhid ailələrinə, istər qazilərə, istərsə də hərbçilərimizə istər döyüş bölgəsində, istərsə də xidmətdən sonra hörmət, diqqət və qayğı, istərsə şəhidlərimizin dəfn mərasimlərinin təşkili yüksək səviyyədədir.