|
“İndiyə qədər təhlükəsizlik və iqtisadi sahədə Rusiya ilə sıx birləşən Qazaxıstanın bu il fərqli yol tutduğu aydın görünür. Nazarbayev Avropa Birliyinə, Türkiyəyə və İrana səfərlər edir, ikitərəfli ticarət və investisiya yatımını genişləndirir”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin təhlilinə deyilir.
Astananın Avropa Birliyi, Türkiyə, eləcə də İranla sıx əməkdaşlığı, tutduğu siyasi xətt və Rusiyadan kənar atdığı bir sıra addımların yer aldığı təhlildə Qarabağda baş verən “dördgünlük müharibə”də Nazarbayevin tutduğu mövqeyə də xüsusi diqqət yetirilir.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanla Azərbaycan arasında yaşanan toqquşmalarda Qazaxıstan ittifaqın ruhunun əksinə çıxış etdi və açıq şəkildə Azərbaycanı dəstəklədi. Bu, Ermənistana böyük zərbə olmaqla yanaşı, Moskvaya qarşı da atılmış addım idi. Bu toqquşmalardan sonra regionda kartlar artıq açılır. Hazırda Nazarbayev şüurlu şəkildə müstəqil xarici siyasət yürütməyə meyllənir, həmçinin, öz ölkəsinin hərbi-sənayesini gücləndirmək istiqamətində addımlar atır”, - deyə təhlildə bildirilir.
“Stratfor” Qazaxıstanın atacağı addımları və Moskvanın onu cəzalandırmaq üçün seçəcəyi yolları belə proqnozlaşdırır.
Astananın addımları
1. Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi ittifaqdan kənar şəkildə müstəqilliyini artırmağa cəhd edəcək.
2. Bu məqsədlə Astana digər ölkələrlə iqtisadi və hərbi əməkdaşlığı genişləndirəcək.
Kremlin cəzası
1. Moskva Astananı öz orbitində saxlamaq üçün Qazaxıstanın şimalında etnik ruslardan istifadə etməyə cəhd edə bilər.
2. Rusiya Qazaxıstana qarşı bir sıra siyasi rıçaqları işə salacaq.