|
Pənah Hüseyn: “Bu cür məsələləri istisna eləmək olmaz”
Keçmiş sovet kəşfiyyatçısı, hazırda Amerikada maliyyə analitiki qismində çalışan Yuri Şvetsin ötən həftə Azərbaycanın iki hökumət üzvü - maliyyə naziri Samir Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfovla bağlı açıqlamaları ölkə gündəminin bir nömrəli müzakirə mövzusu olaraq qalır. Ukraynanın “Qordon” nəşrinə geniş müsahibəsində Putinin tələbə yoldaşının Şərifovu açıq şəkildə “üçqat agent” olmaqda ittiham etməsi şok effekti verdi.
Ekspertlərin Şvetsin iddialarına münasibətləri birmənalı deyil. Əksəriyyət bu müsahibənin Azərbaycanda çoxdandır gözlənilən baş nazir postu ilə bağlı ortaya çıxdığı qənaətindədir. Məhz bu səbəbdən müsahibənin indiyə təsadüf etməsində rus hakim dairələrinin əlaqələrinin olduğu iddia edilir. Yəni hər vəchlə Rusiya tərəfinin Şərifovu baş nazir postunda görmək istəmədiyi qeyd olunur...
Sual doğuran məsələlərdən biri də Şvetslə bağlıdır. Onun Amerikada çalışdığı məlumdur. Ekspertlər izi azdırmaq üçün Rusiyanın bu şəxsi ələ aldığını, ondan istifadə etdiyini, onun dili ilə hətta xarici işlər naziri Sergey Lavrovu da hədəf nöqtəsinə çıxardığını iddia edirlər. Amma görünən odur ki, əksəriyyət Azərbaycanda olası baş nazir dəyişikliyi ehtimalının üzərində daha çox dayanır.
Müxalifət düşərgəsi də artıq agent qalmaqalı hadisəsinə münasibətini ifadə edib. Müxalifət hakimiyyəti bu məsələnin üzərinə ciddi şəkildə getməyə, deyilənlərin doğru olub-olmadığı barədə cəmiyyətə məlumat verməyə çağırıb.
Bəs, Yuri Şvetsin açıqlamasına bənzər açıqlamanın hansısa müxalif partiya liderləri barədə də verilməsi mümkündürmü? “Filan müxalif partiyanın lideri ikiqat, üçqat agent olub və ya agentlik edir” tipli açıqlamalar ortaya çıxa bilərmi?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, müxalifət barəsində zaman-zaman bu mövzuda söhbətlər gedib. Bu cür məsələləri heç cür istisna eləmək olmaz. Nəzəri baxımdan bu cür halların olması tamamilə mümkündür: A“Amma bu tipli məsələlər barədə açıqlamaları adətən rəsmi vermirlər. Keçmiş sovet agentinin verdiyi son açıqlama da qeyri-rəsmidir. Qeyri-rəsmi açıqlamalar isə ortaya sübutlar qoyulmadıqca ciddi suallar, şübhələr yaradır. Müxalifət barəsində də hansısa açıqlamaların olmasını istisna eləmək olmaz. Hər bir halda bu məsələyə ümumi siyasi kontekstdə, həm də dəlillərin, sübutların mötəbərliyi baxımından yanaşıb dəyərləndirmək lazımdır.
Belə açıqlamalar istənilən halda vəzifəli şəxsi, siyasi lideri çox ağır dövləti cinayətdə ittiham eləməkdir. Azərbaycan Respublikasının qanunlarına görə xarici kəşfiyyat orqanlarına işləmək ən ağır, vətənə xəyanət kimi xarakterizə olunan cinayətdir".
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra AXC-Müsavat iqtidarının zamanında DTK arxivlərinin açılması təklifləri irəli sürülmüşdü. Bəzi ekspertlər iddia edir ki, bu təkliflər qəbul edilsəydi hər kəsin keçmişi aydınlaşacaqdı və bugünkü problemlər də yaşanmayacaqdı. /Musavat.com/