|
Parlament prezidentin təsdiqləməyib geri qaytardığı “Valyuta tənzimi haqqında” qanunu dəyişikliklərdən sonra yenidən qəbul edib.
Dəyişikliklərə uyğun olaraq, ölkədən kənara köçürülən xarici valyuta məbləğindən 20 faizi dövlət büdcəsinə ödənilməlidir. 20 faizlik icbari yığım birbaşa investisiyalardan, qiymətli kağızların, torpaq sahələrinin və daşınmaz əmlakın əldə edilməsi üçün çıxarılan xarici valyutalardan tutulacaq. Bu tələb bank və sığorta şirkətlərinə tətbiq edilməyəcək.
Bundan əlavə, 20 faizlik icbari yığım tələbi ildə 50 min dolları üstələyən xarici valyuta məbləğinə şamil olunacaq.
Prezident fevralın əvvəlində Milli Məclisin qəbul etdiyi “Valyuta tənzimi haqqında” qanuna dəyişikləri imzalamayıb geri qaytarmışdı. Qanuna əsasən, daimi və müvəqqəti yerləşən fiziki, hüquqi şəxslər Azərbaycandan kənara xarici valyuta köçürərkən, əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımı tam dövlət büdcəsinə ödəməli idilər. Burada bəzi kateqoriyalı şəxslər istisna təşkil edir.
Dəyişikliklərdən sonra 20 faizlik yığım tələbi yenə də saxlanılır. Ancaq icbari yığıma cəlb olunacaq vəsaitlərin kateqoriyasına aydınlıq gətirilib.