|
ABŞ dövlət katibi Con Kerri bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovla Suriyada atəşkəsin ilkin şərtlərinə dair razılıq əldə edilib.
Kerri bu barədə İordaniyanın paytaxtı Əmmanda keçirilmiş mətbuat konfansında elan edib.
Bundan öncə o, Lavrovla telefonla danışıb və əlavə edib ki, aralarında hələ də bəzi həll olunmamış məsələlər qalır.
Rusiya Daxili İşlər Nazirliyi Lavrovla Kerri arasındakı telefon danışığına dair bəyanat yayaraq bildirib ki, hər iki ölkənin xarici işlər nazirləri “BMT Təhlükəsizlik Şurasının terrorçu təşkilat kimi tanıdığı qruplaşmalara qarşı əməliyyatlar istisna olmaqla Suriyada döyüşlərə son qoyulması uğrunda birgə fəaliyyətlərini davam etdirəcəklər”.
Kerrinin sözlərinə görə, o, yaxın vaxtlarda Suriyada döyüşlərin dayandırılması şərtləri ilə bağlı razılaşmanın ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini gözləyir.
ABŞ dövlət katibi əlavə edib ki, Suriya münaqişəsinin hərbi yolla həlli mümkün deyil (BBC Azərbaycanca).