|
“Əgər rəsmi Bakı Nardaranda şiələrə qarşı repressiyaları dayandırmasa, İran Azərbaycanla münasibətlərinə yenidən baxmalı olacaq. Azərbaycanın Nardaran qəsəbəsindəki hadisələr inqilabi hərəkatdır”.
Bu bəyanatla İran İslam Respublikasının ali dini lideri Xameneyinin rəsmi nümayəndəsi ayətullah Müctəhid Şəbüstəri çıxış edib.
Onun cümə namazındakı bu çıxışını İranın rəsmi hökumət agentliyi olan İRNA yayıb.
“Nardaran camaatına qarşı repressiyalar yolverilməzdir, məqbul deyil. Nardaran sakinlərinin indi düşdüyü vəziyyət bizdə narahatlıq doğurur. Azərbaycan tərəfi İranı bu qəsəbədə baş verənlərə bağlılıqda ittiham etsə də İranın həmin hadisələrdə heç bir iştirakı yoxdur. Nardaranda baş verənlər kortəbii inqilabi hərəkatdır” - deyə İran İslam Respublikasının yüksək mənsəbli dini nümayəndəsi bildirib.
Ayətullah M.Şəbüstəri iranlı məmurların Nardaranın “şiə əhalisinə münasibətdə borc və öhdəliklərinin olduğunu” da vurğulayıb: “Bu qəsəbədə baş verənləri yoluna qoymaq və nardaranlılara münasibətdə repressiyaları dayandırmaq üçün diplomatik metodları işə salmaq lazımdır. Əks halda, yəni əgər bu, baş verməsə, İranla Azərbaycanın münasibətlərinə yenidən baxmaq lazım gələcək”.
Beləliklə, İranın Azərbaycanın daxili işlərinə kobud şəkildə qarışmaq cəhdi göz önündədir. Bu, yüksək rütbəli iranlı siyasətçilərin Nardaran hadisələri ilə bağlı artıq ikinci belə açıq bəyanatıdır. Rəsmi Bakının açıq narazılığı və ictimai rəyin kəskin etirazı ilə qarşılanan birinci bəyanatla İran parlamentinin Təhlükəsizlik və xarici siyasət məsələləri Komitəsi sədrinin müavini Mansur Həqiqətpur çıxış etmişdi.
“Nardaran hadisələri” deyilən olaylara gəlincə isə burada, ayətullahların qərəzli və məntiqsiz iddiasının əksinə olaraq, heç bir “inqilab” baş verməyib. Burada Azərbaycanın konstitusion quruluşuna, qanunlarına zidd çağırışlar səslənib, xaricdən idarə olunanların təşəbbüsü ilə “şəriət dövləti” qurmaq niyyətləri dilə gətirilib, qanunazidd addımlar atılıb, dövlət orqanlarının nümayəndələrinə silahlı müqavimət göstərilib. Polisə güllə və qumbara atılıb. Dövlət isə bunların qarşısını qanunlar çərçivəsində alıb.