|
Kreml rəsmisi əllərində olan məlumatlardan terrorla mübarizədə istifadə etdiklərini deyib.
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransanın paytaxtından Rusiya prezidenti Vladimr Putinə qarşı səsləndirdiyi istefa çağırışına rəsmi Moskva cavab verdi. Ərdoğanın çağırışını Kremlin sözçüsü Dmitri Peskov cavablandırıb. Peskov əllərində olan məlumatlardan terrorla mübarizədə istifadə etdiklərini deyib.
“Mövcud vəziyyətdə əsas olan bu məlumatlara sahib olmaq və onlardan nəyisə sübut etmək üçün yox, terrorla mübarizədə istifadə etməkdir. Bu məlumatlardan terrorla mübarizədə istifadə edirik.” – deyə Peskov bildirib.
Rusiyanın prezidenti Vladimr Putin Parisdə keçirilən iqlim sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada Türkiyə barədə bəzi iddialar səsləndirmişdi. Türkiyənin İŞİD terror qruplaşmasından neft aldığını deyən Putin bununla bağlın əlində yeni sübutlar olduğunu iddia etmişdi.
Putinə cavab verən Ərdoğan, iddialar sübuta yetiriləcəyi təqdirdə tutduğu vəzifədən istefa verəcəyini demiş və əks təqdirdə rus həmkarının analoji addımı atıb-atmayacağını soruşmuşdu.
Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.