|
Xəbər verdiyimiz kimi sabah bir qrup müxalifət partiyası və iqtidar arasında dialoq formatında görüş keçirilməlidir.Moderator.az-ın verdiyi xəbərə görə, AXCP görüşdən imtina edərək aşağıdakı bəyanatı yayıb:
Hökumətin dialoq dəvətinə Azərbaycan Xalq Cəbhəsi Partiyasından cavab: Dialoqa "hə", imitasiyaya "yox"...
AXCP Prezident Administrasiyası tərəfindən 15 may tarixində iqtidar-müxalifət dilaoqu adı altında Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək tədbirə dəvət edilib. Bununla əlaqədar AXCP-nin verdiyi bəyanatda deyilir:
1. AXCP ölkəmizdə demokratik islahatların həyata keçirilməsinə çalışan partiya kimi, hər zaman iqtidar-müxalifət münasibətlərinin qanunlarla tənzimlənməsinə, sivil rəqabət müstəvisinə keçirilməsinə tərəfdar olub.
2. Təəssüflə bildiririk ki, hakimiyyətin uzun illər ərzində, davamlı şəkildə həyata keçirdiyi repressiv siyasət, indiyə qədər olduğu kimi, hazırda da iqtidar-müxalifət münasibətlərinin sivil müstəviyə keçməsinə əsas maneədir.
3. AXCP hesab edir ki, bu qədər siyasi məhbusun olduğu ölkədə sivil iqtidar-müxalifət münasibətlərinin görüntüsünü yaratmaq həqiqətlərin təhrif edilməsidir və belə təşəbbüslər cəmiyyətdə haqlı ironiya doğurur.
4. AXCP 15 mayda həyata keçiriləcək imitasiya xarakterli tədbirdə iştirak etməyəcək. Bununla belə, açıq bəyan edirik ki, uyğun zəmin yaradılacağı və hökumət tərəfindən müvafiq siyasi iradə nümayiş etdiriləcəyi təqdirdə biz, AXCP olaraq, ölkənin köklü problemlərini iqtidar və müxalifət arasında keçiriləcək real dialoqda müzakirə etməyə hazırıq.