|
Müxalifətin əsas hissəsi seçkidə iştiraka qərarlı olsa da, namizədliyə iddiaçılar hələ tam müəyyənləşməyib
Milli Məclisə keçiriləcək seçkilərə ölkə müxalifətinin hazırlığı hiss olunmur. Partiya yetkililəri bu mövzuda müxtəlif iclasların, müzakirələrin keçirildiyini bildirsələr də, müxalif düşərgədə ümumilikdə canlanma müşahidə edilmir.
Seçki Məcəlləsindən, komissiyalardan və sair məsələlərdən çox sayda iradlar olsa da, hər şeyə rəğmən, müxalifət seçkidə iştiraka qərarlıdır. Hər halda, partiya təmsilçiləri öz açıqlamalarında bu fikri vurğulayırlar. Həmçinin bildirilir ki, artıq partiyaların iddiaçı namizəd siyahıları da müəyyənləşməkdədir. Tam siyahılar hazır olmasa da, partiyalar müxtəlif dairələr üzrə namizədliyə iddialılarını seçiblər. Ümumi müzakirələrin isə bir müddət sonra keçiriləcəyi gözlənilir.
Müsavat başqanının müavini Elman Fəttah bu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, deputatlığa namizədliyə iddiaçıların partiya daxilində müəyyənləşməsi prosesi iyun ayına kimi davam edəcək: “Proses gedir. Hazırda 60-a yaxın dairədən namizədliyi nəzərdə tutulmuş müsavatçılar var. Onların hamısının namizədliyinin irəli sürüləcəyi barədə müzakirələr aparırıq. Bütün namizədliyə iddiaçıların irəli sürülməsi partiya daxilində yekun müzakirədən keçməyib. Yekun müzakirədən sonra ümumi siyahı Müsavat Məclisinin təsdiqinə veriləcək. Tam siyahı ilə tanış deyiləm”.
KXCP sədrinin müavini Xəzər Teyyublu isə qeyd edib ki, bölgələrdə, rayonlarda seçki müzakirələri davam etdirilir: “Partiya seçki hazırlıqlarını davam etdirir. KXCP həm də “Azadlıq-2015” seçki blokunun təsisçisidir. Partiyanın 125 dairənin hamısı üzrə namizədliyə iddiaçısı var. Namizədlər müəyyənləşmə mərhələsindədir. Ancaq KXCP blokda təmsil olunduğundan irəli sürüləcək namizədlər həm də blokun adından olacaq. Buna görə də siyahı blokdakı digər partiyalarla razılaşdırılır. O yerdə ki, bizim namizədlər yox, digər namizədlər güclüdür, bloka daxil olan həmin namizədlər müdafiə olunacaq. Biz gücü, nüfuzu, çəkisi ilə ictimaiyyət tərəfindən qəbul olunmuş kadrları nəzərə alacağıq. Çalışacağıq ki, blok adından irəli sürülən namizədimiz səs ala bilsin. KXCP-nin çox güclü, siyasi baxımdan hazırlıqlı namizədləri var. Hər halda, KXCP ümumi namizədləri, blokun namizədlərini müdafiə edəcək. 125 dairə bütövlükdə qarşılıqlı şəkildə blok təmsilçiləri arasında bölünəcək”.
X.Teyyublu qeyd edib ki, KXCP blokdakı digər partiyaları özünə dost, yaxın bilir: “İstəyirik ki, yekun siyahı güclü namizədlərdən ibarət olsun, seçki bloku gücə çevrilsin. Blok hələ yekun qərar verməyib, dəqiqləşdirmə prosesi gedir. Vaxtı çatanda siyahımız açıqlanacaq. Ümid edirəm ki, blok üzvləri arasında siyahı məsələsində hər hansı narazılıq olmayacaq. Bu məsələ demokratik şəkildə həllini tapacaq”.
“Azadlıq” Partiyasının sədri Əhməd Oruc isə bildirib ki, hələlik 12 dairədən iddiaçı namizədləri var: “Biz 12 dairədən namizəd müəyyənləşdirmişik. Bakını və bölgələri əhatə edirik. Ümumi müzakirə gedir. Konkret elə dairələr var ki, bir neçə partiyanın namizədinin verilməsi gözlənilir. Biz dairələrdən daha güclü namizədliyə ididaçını seçəcəyik. “Azadlıq-2015” bloku 125 dairənin hamısını əhatə etməyi planlaşdırır. Biz partiya olaraq istənilən dairəni digər müttəfiqlərimizə güzəştə gedə bilərik”.
AXP sədri Pənah Hüseyn isə deyib ki, daxil olduğu “Azadlıq-2015” seçki bloku 74 namizəd müəyyənləşdirib: “Bizim partiyanın da hələlik 5 namizədi var. Bu proses seçkiyə qədər və seçki dövründə davam edəcək”.
ADP sədrinin müavini Həsrət Rüstəmov isə iddiaçılarla bağlı siyahının tam olmadığını vurğulayıb: “Yekun siyahı hələ ki, hazır deyil. Bir azdan konkretləşəcək. Partiyanın yetkili qurumların qərarından sonra namizədlərin sayı bəlli olacaq. Hələ hazırlıq, namizədlərin müəyyənləşməsi prosesi gedir. İndiyə qədər 20 dairədən namizədimiz dəqiqləşib. Onlar partiya rəhbərliyində təmsil olunanlar və bəzi yerli təşkilatların liderləridir. Düşünürəm ki, siyahıdakı namizədlərin sayı artacaq. Bu, hansı formada seçkiyə qatılmağımızdan asılıdır. Biz seçkidə müttəfiqimiz “Ümid” Partiyası ilə iştirak edəcəyik. Ortaq müzakirə nəticəsində də namizədlərimizi razılaşdıracağıq. Yayın sonunda qərarımız bəlli olacaq”.
“Ümid” Partiyasının sədr müavini Ənvər Ağayev də bildirib ki, partiyanın 67 dairə üzrə namizədi müəyyənləşib: “Bunlar tək “Ümid”in namizədliyə iddialılarıdır. “Qarabağ” bloku ilə birlikdə namizədlərimizin sayı daha çox olacaq. Əslində biz namizədlərimizi müəyyənləşdirəndə müttəfiqimizi nəzərə almışıq. Onların namizədlərinin olacağını ehtimal etdiyimiz yerlərdə namizəd vermək iddiasına düşməmişik. Razılaşma olub. Yəqin ki, bizim namizədlərimiz olan yerlərdə də ADP-nin namizədləri olmayacaq. Seçki yaxınlaşdıqca, siyahıda artım da, əlavə iddialılar da ola bilər. Reallıqları, seçkinin keçirilmə metodlarını, prinsiplərini, taktikamızı nəzərə alaraq, həmçinin namizədlərin qazanma şanslarını nəzər alaraq, siyahı hazırlayırıq”.
AMİP sədri Yusif Bağırzadə isə deyib ki, partiya ötən parlament seçkilərinə təkbaşına 69 namizədlə gedib və bu il də namizədliyə iddialılar kifayət qədərdir: “Hədəfimiz çox və güclü namizədlə seçkidə iştirakdır. Çalışacağıq ki, hər bir dairəni əhatə edə biləcək qədər namizədlə iştirak edək. Əməkdaşlıq formatı da müəyyənləşdiririk. Regionda kifayət qədər gücü olan Müsavat, KXCP və digər partiyaların güclü namizədlərinə də dəstək verə bilərik. Harada görsək ki, AMİP kifayət qədər nüfuz sahibidir, biz səs istəyəcəyik. Ciddi hazırlaşırıq. Ola bilsin ki, hər hansı bir blok şəklində də seçkiyə gedək. Hələ ki, tək gedirik”.
Qeyd edək ki, Milli Şuranın isə parlament seçkilərini boykot edəcəyi barədə fikirlər səslənir.
Müsavat.com