|
«Hakimiyyət başını itirib» - «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli belə deyib.
Cəmil Həsənli qəzetə müsahibəsində son vaxtlar Qərbə qarşı başlanan hücumları məntiqsiz sayıb:
«Hakimiyyət özünü təqdim etmək, beynəlxalq aləmdə imicini yaxşılaşdırmaq üçün 8 milyard dollar vəsait xərcləyib və bütövlükdə proses də ona qarşı çevrilib. 8 milyard xərcləyib bütün dünyanı özünə qarşı çevirmək elə belə məsələ deyil, bunun üçün xüsusi «istedad» sahibi olmaq lazımdır. Hakimiyyətin bütün strukturlarını bürümüş isterika məhz bununla bağlıdır. Bir tərəfdən Avropaya qarşı total müharibə elan olunur, digər tərəfdən Avropa Oyunları üçün tərtib etdikləri «YAPsayağı» davranış kodeksi ilə ölkə vətəndaşları aşağılanır».
Cəmil Həsənli deyib ki, bu gün Amerikaya, Qərbə qarşı başlanan kampaniya Rusiyanın xoşuna gəlmək arzusundan irəli gəlir:
«Qərb Azərbaycandan nə tələb edir? Öz xalqınla adam kimi rəftar elə, öz vətəndaşını haqsız yerə tutma, öz gəncinin, dindarının cibinə narkotika atma, azad seçki keçir. Deyir ki, bu əməllərdən əl çəkmirsənsə, demokrat imicinə iddia etmə. Bizimkilər isə Avropada kilsə təmir etməklə demokratiya ləbbadəsi geyinmək istəyir».