|
Bəzilərinin hələ seçkidə iştirak edib-etməyəcəklərini bilmədiklərini bəyan etməsi suallar yaradır...
Parlament seçkilərinə 6 ay qalıb. Siyasi partiyaların bəziləri dairələr üzrə deputatlığa namizədlərini müəyyənləşdirməkdə olduqlarını bəyan ediblər. Diqqəti cəlb edən maraqlı məqam isə üzdə olan partiyaların birinci şəxslərinin hansı dairədən namizəd olacaqlarının hələ də müəyyənləşməməsidir.
Müxalifət partiyalarının təmsilçiləri ilə seçki mövzusunda son bir həftədə apardığımız sorğu-sualda belə məlum olub ki, partiya sədrlərinin əksəriyyəti hələ də hansı seçki dairəsindən namizəd olacaqları barədə qərara gəlməyiblər. Bəzi partiya sədrləri hətta, ümumiyyətlə, seçkidə iştirak edib-etməyəcəyini müəyyənləşdirməyib. Seçki isə qapını kəsib, vaxt sürətlə gedir. Seçki mütəxəssisləri hesab edir ki, seçkiyə cəmi 6 ay qalmasına baxmayaraq, partiya sədrlərinin seçkidə iştirak edəcəkləri dairələri dəqiqləşdirməməsi onların özlərinin ziyanınadır, gecikmə seçki günü öz təsirini göstərəcək.
Siyasi şərhçi Elxan Şahinoğlu da hesab edir ki, seçicilərlə iş aparmaq, təmaslar qurmaq üçün namizədlərin indidən müəyyənləşməsi vacibdir: “Partiyanın məramı məhz seçkilərdə iştirak etmək, öz varlığını göstərmək və qələbəyə çalışmaqdır. Əgər bunların heç biri yoxdursa, partiya tərifinin özü mənasını itirir. Ona görə də partiya mütləq seçkilərdə iştirak eləməlidir. Bəzilərinin hələ seçkidə iştirak edib-etməyəcəklərini bilmədiklərini bəyan etməsi suallar yaradır. Əgər partiyasansa, seçkidə iştirak eləməlisən.
İddia edə bilərlər ki, seçkilər saxtalaşdırılır, yenə də əvvəlki kimi olacaq. Onda yenə eyni sual çıxır ki, bəs, siz nəyə lazımsınız, əgər prosesi dəyişə, seçkiyə təsir edə bilmirsinizsə, nəyə lazımsınız? Deməli, siz güclü deyilsiniz ki, prosesə heç bir təsir göstərə bilmirsiniz. Partiyalarda, onların rəhbərlərində bir qədər tənbəlləşmə də müşahidə olunur. Seçkiyə az vaxt qalıb, ancaq onların çoxu hələ hansı dairədən namizəd olacaqlarını bilmirlər, yaxud cəmiyyətə elan etmirlər. Qarşıdan isti yay ayları gəlir, yəqin ki, bir neçə ayı da havaların isti olması və bu baxımdan siyasi aktivliyin olmaması bəhanəsi ilə boşuna keçirəcəklər. Qalacaq sentyabr və oktyabr ayları.
İki ayda isə nə qədər çeviklik olsa belə vaxt o qədər azdır ki, tam əhatəli seçki kampaniyası aparmaq asan deyil. Mən indiki durumu bir tərəfdən anlayıram. O baxımdan ki, partiyalar obyektiv və subyektiv səbəblərdən o qədər zəifləyib maliyyə vəsaitləri çox azdır. Ona görə də indidən olan-qalan maliyyəni, enerjini xərcləmək istəmirlər. Amma nə mane olur ki, partiya sədrləri öz dairələrini elan etməsinlər? Elan etsələr, həmin dairələrin seçiciləri indidən bilərlər ki, filan partiyanın lideri onların dairəsindən namizəd olacaq. Namizədin tanınması baxımından bunun ancaq müsbət təsiri var”.
Ekspertin sözlərinə görə, bugünkü mənzərə ondan ibarətdir ki, müxalifətdə üç qütb formalaşıb - Müsavat Partiyası, Milli Şura və “Azadlıq-2015" seçki bloku. Bu cür qütbləşmə də seçkidə öz mənfi təsirini göstərəcək. Narazı elektoratın səsləri parçalanacaq: ”Bax, bu vəziyyətlə üzləşməmək üçün də indidən partiyalar müzakirə aparmalı, indidən qərarlar verməlidirlər. Bu cür qeyri-müəyyənlik yaxşı nəsə vəd etmir. Ola bilsin ki, partiya liderləri hakim partiyanın hansı dairədən kimi namizəd irəli sürəcəyini gözləyirlər. Amma bu gözlənti müxalifəti vaxt itkisinə məruz qoyur. Belə davam etsə, biz yenə də çox qısa müddətli seçki yarışının şahidi olacağıq. Yenə də müxalifət partiyaları parlamentdə az təmsil olunacaqlar". /musavat.com/