|
Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Partiyanın mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Divan Müsavat Partiyasının ölkədəki siyasi və iqtisadi vəziyyətlə bağlı planlaşdırdığı və keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyi 19 aprel 2015-ci il tarixli yürüşün keçirilməsinə icazə verilməməsini hakimiyyətin tərəfindən vətəndaşların konstitusion hüquqlarının kobud şəkildə pozulması, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi qiymətləndirib.
İclasda növbəti kütləvi tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilərək, aksiyaların forma və zamanı barədə partiyanın strukturları ilə məsləhətləşmələrin aparılmasının zəruriliyi bildirilib. Bakı şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinin hüquqi müstəvidə çözülməsi üçün məhkəməyə müraciət edilməsi Divan üzvü Nemət Kərimliyə tapşırılıb.
24 aprel tarixdə saat 12.00-da Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində anım tədbirinin keçirilməsi qərara alınıb.
Minsk konfransının həmsədrləri Fransa və Rusiyanın dövlət başçıları Fransua Oland və Vladimir Putinin aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistana nəzərdə tutulan səfəri Qarabağ konfliktinin sülh yolu ilə həllində onlar tərəfindən neytrallığın pozulması və məsələnin diplomatik yolla həlli yolunda əngəl kimi qiymətləndirilib.
Müsavat Partiyasının başqanı Arif Hacılı İstanbul şəhərində dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, Türkiyəni MHP partiyası və digər təşkilatlarının nümayəndələri ilə görüşləri barədə məlumat verib.