Fələstin lideri Mahmud Abbas vergilərdən əldə edilən gəlirlərin Fələstinə transfer olunması məsələsində İsrail hökuməti ilə razılığa gəlib.
ANS PRESS-in məlumatına görə, İsrail Qüds şəhərində fələsinlilərdən vergi və gömrük haqqı alır, daha sonra pulun müəyyən hissəsini Fələstinə transfer edir.
Bir müddət əvvəl Fələstin rəhbərliyi beynəlxalq cinayət məhkəməsinə qoşulmağa çalışmış, İsrail Fələstinin bu addımına görə ona ayrılan pulların köçürülməsi prosesini dayandırmışdı. Artıq 3 aydır ki, Fələstinə pul köçürülmür.
Həmin pullar Fələstin rəhbərliyinin gəlirlərinin 70 faizini təşkil edir.
İsrail əvvəlcə pulun 3-də 1-ini qaytarmaq istəsə də, Mahmud Abbas buna razılıq verməyib.
Mahmud Abbas: “İsrail pulun bir hissəsini saxlamağa çalışırdı. Biz bunu qəbul etmədik. Pullar banka göndərilmişdi. Lakin hazırda şəraitə baxmayaraq pulların geri qaytarılmasını tələb etdik. Sonda isə razılaşma oldu. Pulun tamını 3 ay ərzində əldə edəcəyik”
Fələstin rəhbərliyi beynəlxalq cinayət məhkəməsinə qoşulmaqla İsraili Qəzza zolağında törətdiyi müharibə cinayətinə görə ittiham etməyə çalışırdı.