|
Partiya yürüş-mitinqdə iştirak üçün partiyalara və gənclər təşkilatlarına müraciət edəcək
Aprelin 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyadan verilən xəbərə görə, Divanda qərarların icrası və görülən işlər barədə məlumat verilib. 19 aprel 2015-ci il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhərində metronun “20 Yanvar” stansiyası yaxınlığındakı meydandan başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə yürüşün keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməsi və yürüşün təşkilinə dair məsələlər müzakirə olunub. Bu aksiya ilə əlaqədar siyasi partiyalara, qurumlara və gənclər təşkilatlarına müraciət edilməsinin məqsədəuyğunluğu qeyd edilib.
Divan üzvlərinə vicdan məhbusları Fərəc Kərimovun, İntiqam Əliyevin və Rəsul Cəfərovun məhkəmə proseslərinin diqqətdə saxlanılması tapşırılıb.
Hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu Elşən Həsənov İrana getmək istərkən, onun 2 aprel 2011-ci ildə kütləvi aksiyada iştirakı ilə bağlı əsassız hökmlə müəyyən olunmuş zərərin ödənilmədiyi əsasında ölkədən çıxmasına qoyulan qadağaya görə xaricə buraxılmaması məsələsi müzakirə edilib. Divan 2 aprel məhbuslarının əfv fərmanı əsasında azadlığa buraxılması ilə məhkəmənin müəyyən etdiyi zərərin ödənilməsi zərurətinin aradan qalxmasını əsas götürərək Elşən Həsənov barəsində başqa yerə getməməklə bağlı qadağanın ləğv olunmasını tələb edib.
Divan Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən son yanğın hadisəsini şəhərsalma prinsiplərinə zidd olaraq, korrupsiya niyyəti ilə oda davamsız materiallardan kütləvi istifadənin nəticəsi kimi qiymətləndirib, bu məsələdə günahkarların cəzalandırılmasını, belə üzlüklü digər binalarda dərhal yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini, yanğından zərərçəkənlərə düzgün hesablanaraq kompensasiyasının ödənilməsini tələb edib.
Dinin dövlətdən ayrı olduğu, siyasətə qarışmadığı müasir dövrdə Roma Papasının qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlamasının beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, Qarabağ probleminin həlli istiqamətindəki diplomatik səylərə zərbə olması və konfessiyalararası münasibətlərin pozulması baxımından narahatlıq doğurduğu qeyd olunub.
Sonda cari məsələlərə baxılıb./Musavat.com/