|
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Partiyanın Mətbuat xidmətindən Teleqraf.az-a daxil olan məlumata görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası ilə bağlı dəyərləndirmə aparılmış, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilib:
“KXCP Zona Əlaqələndirmə Komitələrinin yığıncaqları ilə bağlı məlumat verilmişdir. Partiya sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir. Müaxifətlə iqtidar arasında keçiriləcək görüşlərlə bağlı təkliflər verilmişdir”.
Məlumaat əsasən, yığıncaqda milli valyutanın qəfil devalvasiyası nəticəsində yaranan vəziyyət müzakirə edilib: “Mərkəzi Bank rəhbərliyinin milli valyutanın yumşaq devalvasiya ilə bağlı bəyanatlarına baxmayaraq qəfildən kəskin devalvasiya aparmasının soyğunçuluqdan başqa adı yoxdur. Bütövlükdə xalqın aldadılması, vətəndaşların uzun illər ərzində ağır günləri üçün topladıqları əmanətlərin dəyərdən düşməsinə, müəssisə-təşkilatların büdcələrinin boşalmasına, bankların bir an içərisində müflisləşməsinə səbəb olan bu hadisə insanların dövlət sturukturlarına inamına ağır zərbə vurdu və hakimiyyətin “analoqsuz inkişaf” nağıllarına son qoydu. Xalqa ümid yeri kimi göstərilən neft gəlirlərinin talanması, iqtisadiyyatın yalnız neftdən asılı vəziyyətə salınaraq digər istehsal sahələrinin aradan qaldırılması, uzun illər manatın dəyərini süni yollarla qorumaqla dövlət büdcəsinə milyardlara ziyan verilməsinin təbii nəticələri ilə qarşılaşdıq. Manatın sürətlə qiymətdən düşməsi bahalaşmanı sürətləndirdikcə sosial partlayışlara sürüklənən daha ağır nəticələr gözləniləndir. KXCP hakimiyyəti xalqın ağır vəziyyətə düşməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə, vəziyyətdən sui-istifadə edərək bahalaşma yaradan məmur özbaşnalığı-inhisarlaşma-rüşvət-korrupsiya zəncirini qırmağa çağırır”.
Yığıncaqda hakimiyyət orqanlarının vətəndaş cəmiyyətinə qarşı apardığı repressiyaları durdurmadığı, əksinə, günü-gündən daha da artırdığı qeyd edilib: “Yasamal rayon məhkəməsinin ötən ilin sentyabr ayında baş vermiş yüngül avtomobil qəzası ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə, ciddi bir əsas olmadan, 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı hökm oxunub. Şikayətçi, hətta zərərçəkən olmayan hadisəyə görə cəza verilməsi birbaşa Cəmil Həsənlinin siyasi fəaliyyəti ilə bağlı olduğu göz önündədir. KXCP hakimiyyət orqanlarından bu cür ədalətsiz fəaliyyətə son qoymağı, siyasi mübarizədə milli-mənəvi dəyərləri gözləməyi və qanunun aliliyini qorumağı tələb etmişdir.
Yığıncaqda Xocalı soyqırımının ildönümü münasibəti ilə KXCP tərəfindən 26 fevral, saat 13.00-da soyqırım qurbanlarının abidəsinin ziyarət edilməsi qərara alınmışdır”.