|
“Cənablar, bəlkə 22 ildən sonra bu millətin həqiqi nümayəndələrinə də, ”Con" və “Vasya” qarşısında heç bir öhdəliyi olmayanlara da öz aqibətlərini özlərinin müəyyən eləməsi üçün bir şans tanıyasız?”
“İstər ərəb ölkələrində, istərsə də Ukraynada bu barışmazlıqların hansı nəticələr verdiyi göz önündədir.”
Azadlıq Partiyasının sədri Əhməd Oruc hakimiyyətlə siyasi partiyaların arasında başlanan dialoq prosesinə tənqidi mövqedən yanaşan siyasi qüvvələri hədəfə alan və qalmaqal yaradacaq yazı ilə çıxış edib. Musavat.com-a təqdim etdiyi geniş yazıda Əhməd Oruc bildirib ki, daxili barışın əleyhinə olan beynəlxalq güclər, onların dəstəyi ilə ayaqda duran bəzi qüvvələr dialoq prosesinin uğurla nəticələnməməsi üçün var gücü ilə işləyirlər.
Ona görə də bu prosesin hakimiyyətə lazım olduğu barədə təbliğat aparılır: “Guya demokratik dəyişikliklər edilməsi üçün hakimiyyətə Qərbin güclü təzyiqləri var və hakimiyyət də məcburən bu demokratiya oyununu oynayır. Əvvəla, siyasətdən başı çıxan hər kəs başa düşür ki, Qərbin əlində demokratiya bir təsir, təhdid vasitəsidir. Qərb öz maraqlarına uyğun olduqda istənilən reyimlə əməkdaşlıq da edir, marağı olmadıqda demokratiya adı altında heç bir günahı olmayan ölkələri xarabazara da çevirə bilir. Bəli, bu proses hakimiyyətə lazımdır, Qərbi əsas təzyiq vasitələrindən, ölkədəki resurslardan mərhum etmək üçün, regionda və dünyada baş verən təlatümlərin fonunda öz hakimiyyətini qorumaq üçün. Və zənnimcə, məhz bu nöqtədə - ölkənin kənar təsirlərdən azad olması, dünyada baş verən fəlakətli proseslərdən qorunmaq baxımından hakimiyyətlə bizim maraqlarımız üst-üstə düşür və bu üst-üstə düşən maraqlar bugünkü prosesin əsas lokomotividir”.
Ə.Oruc qeyd edib ki, başlanan prosesin az da olsa ilkin nəticələri var, millətin içində bu proseslər nəticəsində vəziyyətin yaxşılaşacağına bir ümid yaranıb: “Sivil ölkələrdə olduğu kimi bizdə də hakimiyyət təmsilçisi ilə milli müxalifət dialoq aparır, bir neçə siyasi məhbus azad olundu, digərlərinin ən azı vəziyyətinin yaxşılaşması üçün danışıqlar aparılır, dialoq vəziyyəti siyasi məhbuslara qarşı aqressiv münasibəti yumşaldıb, hakimiyyətə mövqelərimiz məsafədən bəyanat şəklində deyil, birbaşa təmasda, polemika şəklində çatdırılır. Təbii ki, bu nəticələr bizim və cəmiyyətin istəklərindən çox azdır, amma artacağına ümid var, proses davam edir. Və biz nəticələrdən narazı olduğumuz vaxt bir suala cavab axtarmalıyıq: bu prosesin alternativi nədir? Siyasi aktiv kəsimin həbsi, ”Məhsul" stadionunda min nəfərlik aksiya? Bu düşünülməmiş siyasət elə bir şərait yaratdı ki, demək olar ki, bütün aktiv kəsim həbs olundu, ya didərgin vəziyyətindədir. Artıq həbs olunası elə bir aktiv də qalmadı. Bu aksiyaların hansısa nəticə verəcəyinə kimdəsə inam qalıbmı? Bu barışmamazlıq, qarşılıqlı inkar, nifrət bu ölkəni istənilən kənar təhdidə qarşı zəif vəziyyətə salır. İstər ərəb ölkələrində, istərsə də Ukraynada bu barışmazlıqların hansı nəticələr verdiyi göz önündədir. Və bütün bunlar birmənalı şəkildə söyləməyə əsas verir ki, başlanan bu proses milləti düşünən hər bir kəsə lazımdır".
Ə.Oruc qeyd edib ki, 1993-cü ildə milli hökuməti süquta uğradanlar, 22 ildə müxalifəti günbəgün zəif salanlar, öz konyuktur maraqları naminə yüz minlik xalq hərəkatını bir ovuc səviyyəsinə qədər azaldanlar, milli platformanın bu qədər zəif bir duruma düşməsinin cavabdehləri hesab edirlər ki, müxalifət və millət adına yenə də yalnız onlar danışa bilər: “Nədən? Cənablar, bəlkə 22 ildən sonra bu millətin həqiqi nümayəndələrinə də, ”Con" və “Vasya” qarşısında heç bir öhdəliyi olmayanlara da öz aqibətlərini özlərinin müəyyən eləməsi üçün bir şans tanıyasız? Yoxsa bu milləti uğursuzluqdan uğursuzluğa aparmaq üçün andmı içmisiniz, yoxsa kiminsə qabağında öhdəlikləriniz var? Yoxsa kimlərsə bu məsələyə sizi vadar edir. Bugünlərdə müxalifətin əbədi liderlərindən biri sosial şəbəkədə tam ciddi görkəm alaraq “gerçək dialoq yalnız mənimlə ola bilər” məzmunlu bir status paylaşmışdı. Belə görünür bu qozbelləri heç qəbir də düzəltməyəcək.
Milli Şuranın cahanşümul liderlərindən biri “bizim bu cür dialoqlara itiriləsi vaxtımız yoxdur” kimi çox “ciddi” bəyanat verib. Əvvəla, görəsən, bu lider hansı daha ciddi işlərlə məşğuldur. Onların bu gün əsas işi Moskvanın bu dəfə də “Milyarderlər ittifaqı” və onun Bakı filialına hansısa sifariş veriləcəyini gözləməkdir"./Musavat.com/