|
Ölkəmiz maliyyə şəffaflığı üzrə minimal tələblərə cavab vermir
ABŞ Dövlət Departamentinin Maliyyə Şəffaflığı üzrə Illik Hesabatında Azərbaycan maliyyə şəffaflığı üzrə minimal tələblərə cavab verməyən ölkələr sırasına aid edilib.
Sənəddə Azərbaycanın adı Afrika ölkələrilə yanaşı qeyd olunur. Hesabatda bildirilir ki, Azərbaycan son illər ərzində təbii ehtiyatların satışı nəticəsində böyük vəsaitlər əldə edib. Bu vəsaitlər Azərbaycana ölkənin qarşısında duran problemləri həll etməyə ciddi kömək olardı. “Maliyyə vəsaitlərin idarə olunması sahəsində şəffaflığın minimal kriteriyalara belə cavab verməməsi göz qabağındadır. Təbii resusrların hasil edilməsilə bağlı lisenziyaların verilməsin müəyyən edən kriteriyalar elan edilmir. Bundan başqa hökumətlə əsas dövlət müəssisələri arasında maliyyə münasibətləri barədə məlumat olduqca azdır”, - deyə hesabatda vurğulanır.
Maliyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya deyilib ki, 2012 və 2013-cü illərdə ABŞ Dövlət Departamentinin Maliyyə Şəffaflığı üzrə Illik Hesabatında maliyyə şəffaflığı üzrə minimal tələblərə cavab verməyən ölkələr sırasına Azərbaycanın adı daxil edilmədiyi halda məhz 2014-cü ildə adıçəkilən hesabata yer alması təəccüb doğurur.
Nazirlikdən əlavə olaraq bildirilib ki, son 4-5 il ərzində ölkədə büdcə prosesinin beynəlxalq standartlara uyğun olaraq daha da təkmilləşdirilməsi, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılıb. Belə ki, bu istiqamətdə hökumət tərəfindən görülən ardıcıl işlər çərçivəsində hər il üçün dövlət və icmal büdcələrinin layihələri üzrə təqdimat Milli Məclisə təqdim olunmamışdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Həmçinin, dövlət və icmal büdcələrinin göstəricilərinin ətraflı, sadə və anlaşıqlı dildə vətəndaşlara çatdırılması üçün “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanaraq ictimailəşdirilir.
Nazirlik Azərbaycanda büdcə prosesinin daha da şəffaflaşdırılması və ictimaiyyətə açıqlığının təmin edilməsi sahəsində hər hansı milli müstəvidə deyil, beynəlxalq aləmdə qəbul olunmuş prinsip və qaydalara (PEFA qiymətləndirilməsi kimi) bir daha sadiqliyini təsdiq edərək bundan sonra da həmin prinsiplər əsasında büdcə fəaliyyətini davam etdirəcəyini bəyan edir.