|
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Teleqraf.az-ın xəbərinə görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilib, bələdiyyə seçkiləri ilə bağlı edilən şikayətlərin nəticələri ilə bağlı məlumatlar dinlənilib, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr davam etdirilib, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilmişdir.
Seçkilərdəki kütləvi qanun pozuntuları və total saxtakarlıqla, xüsusilə KXCP-dən olan bələdiyyə namizədlərin şikayətlərinin nəticələri ilə bağlı məlumatlar dinlənilmişdir. Məlum olmuşdir ki, gözlənildiyi kimi, dairə seçki komissiyaları və Mərkəzi Seçki Komissiyası heç bir şikayəti obyektiv araşdırmamış, əksinə qanun pozuntularını ört-basdır edərək baş verən kütləvi qanun pozuntularına və total saxtakarlıqlara, əvvəlki seçkilərdəki kimi, “qanuni” don geyindirmişdir. Yığıncaqda bələdiyyə seçkilərinin son mərhələsi (şikayətlərə baxılması) ilə bağlı bəyanat qəbul edilmişdir.
Yığıncaqda KXCP-nin növbəti qurultayına hazırlıqla bağlı KXCP Təşkilat şöbəsinin məlumatı müzakirə edilmişdir.
Yığıncaqda partiyanın rayon (şəhər) şöbələrinin 2015-ci il parlament seçkilərinə hazırlıqları ilə bağlı dəyərləndirmə aparılmışdır.
Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu ictimai-siyasi vəziyyətlə bağlı çıxış etmişdir. M.Mirəlioğlu Demokratiya və İnsan Haqları Mərkəzində təmsil olunan bir qrup siyasi partiya rəhbərinin 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələr Birliyi ilə fikir mübadiləsi aparılması ilə bağlı yığıncaq iştirakçılarını bilgiləndirmiş və başqa siyasi birliklər və partiyalarla bu cür görüşlərin keçiriləcəyi haqqında məlumat vermişdir.
Yığıncaqda 14 saylı cəzaçəkmə müəssisəsində bir dustağın öldürülməsi və həbsxanaya əlavə yeridilmiş güc strukturları vasitəsilə dustaqların kütləvi surətdə cəzalandırılması ilə bağlı narahatlıqlar bildirilmiş və bəyanat qəbul edilmişdir.
Yığıncaqda dövlət rəhbərlərinin dünya bazarında neftin ucuzlaşmasının Azərbaycana heç bir təsiri olmayacağını desələrdə, artıq bir çox sahələrdə bahalaşmanının hiss olunduğu, hətta, əhalinin bank depozitlərinə və yaşayış sahələrinə vergilər tətbiq olunmasını sosial durumun pisləşəcəyinin əlaməti kimi qiymətləndirilmiş və bununla bağlı bəyanat qəbul edilmişdir.
20 yanvar- Ümumxalq hüzn günü ilə bağlı fikir mübadiləsi aparılmış və KXCP üzvlərinin yanvar ayının 20-də saat 12.00-da Şəhidlər Xiyabanını ziyarət etmələri qərarlaşdırılmışdır.