|
AXCP yaz aylarında növbəti qurultayını keçirməyə hazırlaşır.
Bunu Moderator.az -a açıqlamasında AXCP sədrinin müavini Nurəddin Məmmədli deyib.
Onun sözlərinə görə, qurultay nə qədər tez keçrilərsə bir o qədər təşkilat üçün yaxşı olardı: “Artıq qurultayın keçirilməsi ilə bağlı işlərin əksəriyyəti görülüb. Sadəcə problem bizdən asılı deyil, qurultayın keçirilməsi eyni zamanda hakimiyyətdən asılı olan məsələdir. Biz işlərimizi qısa zamanda qurtarmağa çalışsaq da, hakimiyyət hər vasitə ilə buna mane olur. Rayonlarda konfransların keçirilməsi üçün yer ayırmır. Bununla bağlı olaraq artıq bir sıra rayon icra hakimiyyəti başçıları məhkəməyə verilib.
Digər bir məqam bu işləri bitirə bilərik, ancaq qurultayın keçirilməsi ilə bağlı yer problemi var. Hakimiyyət yer ayıracaq ya yox. Əgər bu problemlər həll olunarsa biz qurultayı tez bir zamanda keçirməyi nəzərdə tuturuq.
Qurultay nə qədər tez keçrilərsə bir o qədər yaxşıdır. Çünki qarşıda partiyanı daha ciddi işlər gözləyir. Qurultay keçirilib təşkilatı məsələlər həll olunmalı, təşkilatın strukturları formalaşmalıdır ki, biz qarşıda gələn parlament seçkilərinə və qarşımızda duran hədəflərə çatmaq istiqamətində ciddi işlər görə bilək.”
N. Məmmədli onu da bildirdi ki, bu il müxalifət üçün ciddi siyasi qaynar il olacağından, biz buna hazır olmalıyıq:
“Birincisi, ölkədə Birinci Avropa oyunları keçiriləcək , ikincisi də parlament seçkiləri olacaq. Ona görə də buna ciddi hazırlaşmaq lazımdır. Odur ki, partiya olaraq biz beynəlxalq təşkilatlarla əməkdaşlığımızı gücləndirib ölkədəki repressiyaların qarşısı alınması isitqamətində işimizi qururuq, ikincisi vətəndaş cəmiyyətinin müqavimətinin artırılması məqsədi ilə maarifləndirmə işləri aparılır. Bu məqsədlə kütləvi aksiyaların keçirilməsi istiqamətində müzakirlər davam etməkdədir. Biz uğurlar əldə etmək üçün ciddi çalışmalıyıq. Müxalifətin 2015-ci ildə uğur əldə etməsi üçün imkanları var və biz bu imkanlardan yararlanmalıyıq.”