Qarabağ Azadlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2014-cü ilin yekunlarına dair Hesabat hazırlayıb. Sənəd “Preambula”, “Hakimiyyət”, “Beynəlxalq təşkilatlar”, “Cəmiyyət”, “Üzdəniraq “xalq diplomatiyası”, “Qarabağ Azadlıq  Təşkilatı”, “Nəticə” bölmələrindən ibarətdir. Sənəddə ötən il ərzində Qarabağ ətrafında gedən proseslər, görülən işlər və sair məsələlər əhatə edilir, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair təkliflər irəli sürülür. Hesabatın tam mətnini veririk:

 Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2014-cü ilin yekunlarına dair Qarabağ Azadlıq Təşkilatının

 HESABATI

Preambula

Sənəd 2014-cü il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müxtəlif parametrlər üzrə baş verən hadisələri özündə əks etdirir. İl bütövlükdə konkret nəticələrin əldə olunmaması baxımından uğursuz olub. Bu uğursuzluğun əsas səbəbi kimi beynəlxalq təşkilatların, vasitəçi dövlətlərin qeyri-obyektiv mövqeyi, həmçinin Azərbaycan hakimiyyətinin qətiyyətsizliyi, Azərbaycan cəmiyyətinin passivliyi göstərilə bilər.

I

Hakimiyyət

Azərbaycan hakimiyyəti iki istiqamətdə işi davam etdirmiş və müəyyən müsbət nəticələrə nail olmuşdur:

a)      Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv informasiyaların dünya ictimaiyyətinə çatdıtılması üçün ciddi səylər göstərilib, müxtəlif ölkələrdə çoxsaylı məlumatlandırma xarakterli tədbirlər keçirilib. Bəzi beynəlxalq təşkilatlarda, bir sıra ölkələrin parlamentlərində Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv qərar və qətnamələrin qəbuluna nail olunub. Ermənilər də buna cavab olaraq qondarma “erməni soyqırımı” ilə bağlı qərar və qətnamələrin qəbuluna çalışıblar. Bu yöndə iki ölkə arasında “yarışma”ya bənzər proses gedib.

Azərbaycanın danışıqlarda konkret şərtlə çıxış etməsi uğur kimi dəyərləndirilməlidir. Beləki, prezident və xarici işlər naziri səviyyəsində belə bir şərt irəli sürülüb ki, münaqişənin dinc vasitələrlə, danışıqlar yolu ilə nizama salınması prosesinin davam etdirilməsi üçün Ermənistanın silahlı birləşmələri bütün işğal olunmuş ərazilərdən çıxmalıdır.

Azərbaycan, Türkiyə, İran, Gürcüstan dövlətləri arasında prezidentlər, xarici işlər və müdafiə nazirləri səviyyəsində daim fəaliyyət göstərən formatların yaradılması Ermənistanın region proseslərindən təcrid olunması baxımından əhəmiyyətlidir. Azərbayacan, Türkiyə, Gürcüstan arasında prezidentlər, xarici işlər və müdafiə nazirləri səviyyəsində 3 daimi fəaliyyət göstərən format yaradılıb. Azərbaycan, Türkiyə, İran arasında isə eyni format xarici işlər nazirləri səviyyəsində əldə olunub, prezidentlər və müdafiə nazirləri arasında isə işlərin getdiyi görünür.

b)      Hakimiyyət münaqişənin hərbi yolla həllinə hazırlıq istiqamətində də səylərini artırıb. 2013-cü ilin axırlarında ( oktyabrın 22-də) müdafiə naziri dəyişdirildikdən, Səfər Əbiyevin yerinə Zakir Həsənovun təyin edilməsindən sonra bir sıra kadr dəyişiklikləri də edilib. Bunların nəticəsində müəyyən müsbət meyllər müşahidə olunub.

İrimiqyaslı hərbi təlimlər keçirilib. Müdafiə nazirinin və digər yüksək rütbəli zabitlərin cəbhə bölgələrinə, hərbi hissələrə səfərləri artıb. Müddətdən artıq hərbi xidmət keçənlərin Orduya daha geniş miqyasda cəlb olunması müşahidə edilib. Son 1 il ərzində Azərbaycan Silahlı Qüvvələrinə 10 min nəfərdən artıq adam, o cümlədən 300 qadın müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilib. Orduya xəstə çağırışçıların daxil olmaması üçün daxili tibbi komissiyalar yaradılıb. Orta məktəblərdə hərbi hazırlıq dərslərinin səviyyəsinin qaldırılması, ali məktəblərdə hərbi kafedraların bərpası istiqamətində müəyyən addımlar atılıb. Orduda şəxsi heyyətin sosial-məişət problemləri ilə bağlı şikayətlər bir qədər azalıb. Dövlət büdcəsində hərbi xərclər yenə də artırılıb, növbəti il üçün 3,3 milyard manat (4,2 milyard dollar) müəyyən edilib.

Silahlı qüvvələrdə korrupsiya ən ağır problem olaraq qalıb. Hərbi hissələrdə çağırış, yerləşdirmə, imtiyazlı şəraitin yaradılması, zabitlərin rütbə və vəzifə sahəsində irəlilələməsi və sairlə bağlı korrupsiya faktları mövcuddur.

Hərbi müttəfiqlərin qazanılması istiqamətində də iş görülüb. Türkiyə, İran, Pakistanla sıx hərbi əməkdaşlıq münasibətləri yaranıb. Türkiyə, Gürcüstan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər keçirilib.

II

Beynəlxalq təşkilatlar

Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları davam etdirməyə çalışıblar. ATƏT-in Minsk qrupu həmsədrləri regiona mütəmadi səfərlər edib, dünyanın müxtəlif yerlərində tərəflərin, əsasən xarici işlər nazirləri səviyyəsində görüşlərini təşkil edib, tərəflər arasında etimad mühitinin yaradılmasına xüsusi diqqət yetiriblər. Vasitəçi dövlətlər 2 illik fasilədən sonra Azərbaycan və Ermənistan prezdentlərinin görüşlərini təşkil edə biliblər. Rusiya prezdenti Vladimir Putinin təşəbbüsü ilə avqustun 10-da Soçi şəhərində prezidentlərin üçtərəfli görüşü olub. Görüşün əsas səbəbi həmin ərəfədə cəbhə bölgəsində baş verən kəskin qarşıdurma və geniş hərbi əməliyyatların yenidən başlanması təhlükəsi olub. Prezident İlham Əliyev Rusiya prezdentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə ilk dəfə Ermənistanı işğalçı dövlət adlandırıb, bu dövlətin silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb kimi irəli sürüb. İkinci görüş sentyabrın 4-də NATO-nun Uelsdə keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə baş tutub. Görüşdə prezdent İlham Əliyevin “münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxaq münasibətlərin ruhuna uyğun variant” təkilf etdiyinə dair Azərbaycan rəsmiləri tərəfindən məlumat yayılıb. Bu variantın nədən ibarət olması açıqlanmayıb. Üçüncü görüş digər həmsədr ölkənin, Fransanın prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Parisdə keçirilib. Bu görüşlə bağlı diqqəti çəkən məsələ Fransa prezdentinin tərəfləri tezliklə Böyük Sülh Sazişini hazırlayıb imzalamağa çağırması olub. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan bu görüşdə münaqişənin həlli üçün öz variantını açıqlayıb: ilkin mərhələdə 7 rayon boşaldılır, Laçın dəhlizindən ermənilərin istifadə etməsi üçün  şərait yaradılır, Mehri vasirəsi ilə Naxçıvana dəhliz açılır; ikinci mərhələdə Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək status verilir; bu şərtlər əsasında Böyük Sülh Sazişi imzalanır. Buradan Azərbaycanın Böyük Sülh Sazişi dedikdə nəyi nəzərdə tutduğu anlaşılır. İlin sonu üçün daha iki təşəbbüs diqqəti çəkib. ATƏT-in Minsk qrupu həmsədr ölkələrin xarici diplomatiya  idarələrinin rəhbərləri birgə bəyanatla çıxış edərək tərəfləri yalnız sülh yolu ilə münaqişənin həllinə çalışmağa çağırıblar. ATƏT-in fəaliyyətdə olan sədri Didier Burkhalter isə tərəfləri Böyük Sülh Sazişi üzərində işləməyə çağırıb.

İl ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda hər hansı ciddi sənəd qəbul olunmayıb. Yalnız Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artması” adlı məruzənin hazırlanması ilə bağlı qərar qəbul olunub və britaniyalı deputat Robert Valter məruzəçi təyin edilib. Məruzənin hələlik adını irəliləyiş kimi qeyd etmək olar. Çünki AŞPA – nın əvvəlki sənədlərində adətən “ ATƏT Minsk qrupunun məşğul olduğu Dağlıq Qarabağ münaqişəsi “ kimi qeyri – müəyyən ifadələr işlədilirdi. 

     BMT Baş Məclisinin iclasında qurumun 69 – cu sessiyasının gündəliyinə “Azərbaycanın  işğal olunmuş ərazilərində vəziyyət haqqında“ məsələ salınıb. Lakin bu məsələ hələlik müzakirə olunmayıb.Xatırladaq ki, bu bənd Azərbaycanın təşəbbüsü və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə ilk dəfə BMT Baş Məclisinin 54 – cü sessiyasının gündəliyinə daxil edilib. Baş Məclis bəndlə əlaqədar 2 dəfə - 2006 – cı ildə 60/285 və 2008 – ci ildə 62/243 saylı qətnamələr qəbul edib. İşğal olunmuş ərazilərdə narkotik maddələrin istehsalı və nəqli ilə bağlı məsələ, həmçinin radioaktiv tullantıların Ermənistandan gətirilərək işğal olunmuş ərazilərdə basdırılması da beynəlxalq təşkilatların diqqətindən kənarda qalıb. 

III

Region

ABŞ – ın timsalında Qərblə Rusiya arasında Cənubi Qafqaz və ətraf region uğrunda mübarizə kəskin qarşıdurma həddinə çatıb. Bu mübarizədə sanksiyalar, separatçı hərəkatların qızışdırılması, ideoloji təxribatlar, müxtəlif rəngli etiraz aksiyalarının təşkili və digər formalardan geniş istifadə olunub. ABŞ Şərqə doğru irəliləyişi təmin etmək üçün açıq hücuma keçib, Ukrayna, Gürcüstan, Moldovada qəti iddialarla çıxış edib, bu ölkələrin Avropa İttifaqına inteqrasiyası istiqamətində konkret addımlar atıb, hər üç ölkənin Avropa İttifaqına assosiativ üzvlüyünə dair qərarlar qəbul olunub. Rusiya bu qarşıdurmada Avrasiya İqtisadi İttifaqının yaradılması yolunu tutub. Rusiya, Qazaxıstan və Belarus prezidentləri belə bir ittifaqın yaradılması ilə bağlı müqavilə imzalayıb. Müqavilə 2015 – ci il yanvarın 1- dən qüvvəyə minib. Ermənistan da bu müqaviləyə qoşulub. Azərbaycan heç bir tərəfə qoşulmayıb, qarşıdurmanın hər iki tərəfi ilə eyni məsafə saxlayaraq, balanslaşdırılmış mövqe tutub. Maraqlıdır ki, ABŞ Belarus, Qazaxıstan və Ermənistanın Avrasiya İttifaqına girməsinə heç cür mənfi reaksiya verməyib, Ukraynanın isə həmin İttifaqa gedən bütün yollarını bağlayıb, hətta faktiki olaraq, hərbi qarşıdurma variantından da çəkinməyib. Azərbaycanın isə neytral mövqedə qalmasına hər iki tərəf loyal yanaşıb. 

IV

Cəbhə xətti

Azərbaycan qoşunları ilə Ermənistanın işğalçı qüvvələri arasındakı təmas xəttində atəşkəs mütəmadi olaraq pozulub, lokal döyüşlər baş verib, bəzən kəskin qarşıdurmalar qeydə alınıb. Atəşkəs rejiminin pozulması ilə bağlı qeyd olunmalıdır ki, ermənilər statistikanın kobud şəkildə saxtalaşdırılması ilə məşğuldurlar. Məsələn, Azərbaycan müdafiə nazirliyi atəşkəsin ermənilər tərəfindən gün ərzində orta hesabla 20 – 30 dəfə pozulduğunu deyirlərsə, erməniıər Azərbaycan tərəfinin atəşkəsi gün ərzində guya 60 – 70 dəfə pozması ilə bağlı saxta məlumatlar verirlər. Bu məlumatların saxta olduğu adi məntiqlə də aydın görünür. 

    Lokal döyüşlər intensiv şəkildə davam edib. Yanvar ayında cəbhənin Xocavənd, Füzuli, Tərtər istiqamətlərində Ermənistanın  diversiya – kəşfiyyat qrupları hücuma cəhd göstəriblər. Bu cəhdlərin qarşısı alınıb, 10 nəfərə qədər erməni öldürüldüyü bildirilib.Bəzi Ermənistan KİV – ləri ölən erməni əsgərlərinin onlarla olduğunu yazıb. May ayında cəbhənin Tərtər, Füzuli istiqamətlərində kəskin qarşıdurma olub.Hər iki tərəfin itkiləri ilə bağlı məlumat verilib. Avqust ayında cəbhənin Tərtər, Ağdam, Ağdərə, Tovuz istiqamətlərində kəskin döyüşlər olub, Azərbaycan tərəfindən 18 nəfərin həlak olduğu bildirilib. Ermənistan tərəfi itkiləri ilə bağlı məlumatı gizlədib, qeyri-rəsmi məlumatlara, həmçinin erməni mətbuatının yazdığına görə düşmən, onlarla itki verib, Azərbaycan bəzi istiqamətlərdə mövqe irəliləyişləri edib. Noyabr ayında Ağdam rayonu ərazisində ermənilərin cəbhə xəttini keçmiş helikopteri vurulub, 3 heyət üzvü də helikopterlə birlikdə məhv edilib. Dekabr ayında cəbhənin cənub istiqamətində ermənilərin təxribat-diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınıb, düşmən itki verərək geri çəkilib.

V

Cəmiyyət

Cəmiyyətin mövqeyində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir qədər radikallaşma müşahidə edilib. Daxili təşkilatlardan Heydər Əliyev Fondu, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Cəmiyyəti (AVCİYA), Qarabağ Azadlıq Təşkilatı, xaricdəki qurumlardan Avropa Azərbaycan Cəmiyyəti daha fəal olublar, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, ölkə daxilində prinsipial mövqenin nümayiş etdirilməsi, orjinal və səmərəli mübarizə formalarının seçilməsi baxımından fəqrləniblər. Azərbaycan Respublikasının Prezdenti yanında QHT-lə Dövlət Dəstəyi Şurasının yardımı ilə ölkədə və xaricdə çoxlu sayda tədbirlər həyata keçirilib. Prezident Administrasiyasından Ramiz Mehdiyev, Əli Həsənov, Novruz Məmmədov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı operativ və konkret reaksiyalar veriblər. Deputatlardan Bahar Muradova, Ziyafət Əsgərov, Aydın Mirzəzadə, Elman Məmmədov, Fazil Mustafa, Vahid Əhmədov Dağlıq Qarabağ məsələsinin hərbi yolla həlli variantını daim gündəmdə saxlayıblar. Ədalət partiyasının sədri, deputat İlyas İsmayılov belə bir tezislə çıxış edib ki, “torpağı azad etməyin yeganə yolu müharibədir”. Deputatlar Fərəc Quliyev və İqbal Ağazadə Qarabağ məsələsinin parlamentdə müzakirə olunmasını tələb ediblər. Parlamentin sədri Oqtay Əsədov xarici qonaqlarla görüşlərdə Qarabağ məsələsindən söz açıb, amma parlamentin iclaslarında Qarabağla bağlı hər hansı müzakirənin açılmasına, fikrin səsləndirilməsinə imkan verməməyə çalışıb.  Deputatlar Azay Quliyev, Qənirə Paşayeva, Elxan Süleymanov beynəlxalq müstəvidə Qarabağ həqiqətlərinin təbliği, müəyyən qərarların əldə olunması sahəsində ciddi işlər görüblər. 

     Partiya sədrlərinin fikirləri müxtəlif istiqamətli olub. İsa Qəmbər, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İlyas İsmayılov, Elçin Manafov Qarabağ münaqişəsinin hərbi yolla həllini məqbul saydıqlarını, bu yöndə hakimiyyətlə müxalifətin birgə hərəkətinin vacibliyini vurğulayıblar. Qüdrət Həsənquliyev fərqli mövqedən çıxış edərək, məsələni Rusiyanın köməyi ilə həll etməyə çağırıb: “Qarabağ məsələsini həll etmək üçün Rusiya ilə dil tapmalıyıq”. Əli Kərimli isə çıxış yolunu Qərbə inteqrasiyada görür: “Avropa strukturları Azərbaycanın ərazi bütövlüyünə dəstək verir, ona görə də Qarabağ probleminin həlli ilk növbədə Qərbə inteqrasiyadan keçir” .

       İçtimai rəyə təsir edə bilən politoloqlardan Vəfa Quluzadə, Rasim Musabəyov, Elman Nəsirli, Mübariz Əhmədoğlu, Elxan Şahinoğlu, Azad İsazadə, Emin Həsənli, Üzeyir Cəfərov müharibə variantının daim gündəmdə, hətta qaçılmaz olduğunu bildiriblər. Mübariz Əhmədoğlu daha qabağa gedərək, ATƏT – in Minsk qrupu həmsədrlərinin Azərbaycana buraxılmaması, Minsk qrupunun tam tərkibdə iclasının çağırılmasını, Azərbaycanın ATƏT-i boykot etməsi təkliflərini irəli sürüb. Bir sıra müharibə, Qarabağ təşkilatları, keçmiş döyüşçülər, hətta məhbuslar cəbhədə vəziyyət bir qədər gərginləşən məqamlarda hakimiyyət orqanlarına müraciətlər edərək Orduya səfərbər olunmaq istəklərini bildiriblər.

VI

Üzdəniraq “Xalq diplomatiyası”

“Xalq diplomatiyası” deyilən uzdəniraq proses əsasən sönüb. İl ərzində Azərbaycanda “xalq diplomatiyası”nın ənənəvi formasına uyğun hər hansı bir tədbir baş tutmayıb. “Xalq diplomatiyası” prosesinin bəzi fəal iştirakçıları, o cümlədən Leyla Yunus, Arif Yunus, Rauf Mirqədirov həbs olunublar. Hakimiyyət bu yöndə daha konkret mövqe tutub. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konkret açıqlama ilə çıxış edib:”Bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarəti altında olan erməni təşkilatları ilə əməkdaşlıq əlaqaləri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər”.

Azərbaycanda şərti olaraq “xalq dilomatiyasının” bir qolu kimi qəbul edilə biləcək bəzi tədbirlər hakimiyyətin himayəsi altında davam etdirilib, bəzi beynəlxalq tədbirlərdə Ermənistan nümayəndə heyyətlərinin iştirakına şərait yaradıb. Beləki, NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının və Beynəlxalq Olimpiya Komitəsinin Bakıda keçirilən toplantılarında erməni nümayəndə heyyətləri iştirak ediblər. Digər tədbirlərə ermənilər ya dəvət olunmayıblar, ya da dəvət olunsalar da gəlməyiblər. Məsələn, MDB Baş Qərargah rəislərinin Bakıda keçirilən toplantısında ermənilər iştirakdan imtina ediblər və Ermənistan hakimiyyəti bunu Qarabağ Azadlıq Təşkilatı tərəfindən yaradıla biləcək təhlükə ilə əsaslandırmağa çalışıb. Bu yöndə başqa bir uğur da qeyd olunmalıdır ki, Azərbaycan nümayəndə heyyəti AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilməsi nəzərdə tutulan iclasına qatılmaqdan imtina edib.

Azərbaycanın məlum “xalq diplomatları” ölkədən kənarda bəzi tədbirlərdə iştirak ediblər. Ermənistanın tanınmış QHT rəhbəri Georgi Vanyanın təşəbbüsü ilə Gürcüstanda azərbaycanlıların yaşadıqları Təkəli kəndində “Təkəli prosesi” deyilən tədbirlərə start verilib. Bu prosesdə Azərbaycandan Zərdüşt Əlizadə, Əli Abbasov, Niyazi Mehdi, Seymur Baycan və digərləri iştirak ediblər. Hazırda “Təkəli prosesi”nin zəifləməsi, hətta iflasa uğraması ilə bağlı məlumatlar var. Digər hadisə azərbaycanlı və erməni “xalq diplomatları”nın Tiflisdə imzaladıqları birgə bəyanat sayıla bilər. Bəyanatı Azərbaycan tərəfindən Eldar Namazov, Zərdüşt Əlizadə, Arzu Abdullayeva, Əli Abbasov, Leyla Əliyeva, erməni tərəfdən keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan və digərləri imzalayıb. Sənədi imzalayanlar Dağlıq Qarbağ münaqişəsinin tərəflərini sülh yoluna üstünlük verməyə, amerikalı həmsədr Ceyms Uorlikin təkliflərinə əməl etməyə, maksimalist tələblərdən imtina etməyə və sair etimad tədbirlərinə çağırıblar. Arzu Abdullayeva daha bir təşəbbüslə çıxış edərək, Avstriyanın paytaxtı Vyanada azərbaycanlı və erməni gənclərinin dostluq görüşünü təşkil edib.

VII

Qarabağ Azadlıq Təşkilatı

Qarabağ Azadlıq Təşkilatı (QAT) əsas məqsəd, vəzifə və prinsiplərinə uyğun olaraq fəaliyyətini davam etdirib. Torpaqlarımız yalnız hərbi yolla azad edilə bilər, cəmiyyət bunun üçün hazırlanmalı, hakimiyyət bu yola həvəsləndirilməli, bu yolda əngəl ola biləcək bütün daxili və xarici maneələr aradan qaldırılmalı, kömək edə biləcək bütün amillərdən istifadə olunmalıdır. Bu mənada zal və küçə tədbirlərinin hamısından, o cümlədən bəyanat, müraciət, konfrans, kitab çapı, internet, piket, yürüş formalarından istifadə olunub.

ATƏT Minsk qrupunun buraxılması tələbi ilə bəyanat və müraciətlərlə çıxış edilib, həmçinin ATƏT-in Bakı ofisi qarşısında etiraz aksiyası keçirilib. Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Rusiya hökümətindən Dağlıq Qarabağla bağlı ədalətsiz mövqeyinə son qoyulmasını tələb edib. Minsk qrupu həmsədrlərinin yarıtmaz və ermənipərəst mövqeyi, beynəlxalq təşkilatların qeyri-obyektivliyi ilə bağlı dəfələrlə bəyanat verilib. Müharibənin başlanmasına maneə olan daxili amillərlə bağlı, hökumətdən müharibənin başlamsı tələbi ilə dəfələrlə bəyanatlar verilib, hakimiyyət orqanlarına müraciətlər göndərilib.

Ermənistan nümayəndələrinin Bakıda keçirilən beynəlxalq tədbirlərə qatılmasına qarşı çıxışlar edilib. Bu çıxışların təsiri altında ermənilər bəzi tədbirlərə qatılmaqdan imtina ediblər. Ermənilər il ərzində yalnız üç beynəlxalq tədbirdə iştirak edə biliblər. Bu üç tədbirin-NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının və Beynəlxalq Olimpiya Komitəsinin toplantılarının keçirildiyi otellərin qarşısında, hava limanında bir neçə gün ərzində etiraz aksiyaları keçirilib. Ermənistanın işğalçı qüvvələri tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi, onlara işgəncələr verilməsi, üzərlərində oyuncaq “məhkəmə prosesi” nin qurulması, Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə 22 il iş verilməsi, digər azərbaycanlı Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı çoxlu sayda bəyanatlar verilib, müraciət edilib, etiraz aksiyaları keçirilib. Bu məqsədlə QAT rəhbərləri Akif Nağı, Nəsib Cəfərov, Tahir Bayramov, Rəhman Cəfərov, İlqar Əliyev, Elxan Rəhimli, girovların qohumları Sahib Musayev, Mövlud Musayevin iştirakı ilə bir həftəlik aclıq aksiyası, BMT – nin Bakı ofisinin  qarşısında etiraz aksiyaları, o cümlədən QAT Qadınlar Şurasının üzvləri Fəridə Əsgərova, Gültəkin Quliyeva, Nəcibə Qasımova, Növrəstə İbrahimova, Svetlana Şuşalı, Mahirə Muradova və digərlərinin iştirakı ilə qadınların ayrıca etiraz aksiyası keçirilib. QAT – ın Şəki, Zaqatala, Xaçmaz, Ağsu, Gəncə, Ağdam, Bərdə və digər şöbələri bu və başqa tədbirlərdə fəal iştirak ediblər. 

     Qarabağ Azadlıq Təşkilatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT – lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyə, İran və Gürcüstanda Qarabağ həqiqətlərinin təbliği ilə bağlı görüş, konfrans və digər tədbirlər keçirib, bu ölkələrin QHT – ləri, elm ocaqları, alimləri ilə əlaqələr yaradıb. Həm ölkə daxilində, həm də ölkədən kənarda yayılması üçün Azərbaycan, türk, ingilis, rus, fars, ərəb, gürcü dillərində “Qarabağ müharibəsi. Qısa tarix” , “Xocalı soyqırımı”, Qarabağ – Yaddaş kitabı” , “Quba məzarlığı – erməni cinayətlərinin qanlı izi” adlı kitablar hazırlanıb və çap olunub. 

VIII

Nəticə

       Beləliklə, ötən il ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrin təhlili bəzi nəticə və qənaətlərə gəlməyə imkan verir.

       1.Beynəlxalq təşkilatlar, vasitəçi dövlətlər Dağlıq Qarabağ münaqişəsinin ədalətli və beynılxalq hüquq normaları çərçivəsində həlli üçün ciddi səy göstərməyiblər.Belə bir qənaətə gəlmək olar ki, bir sıra böyük dövlətlər və onların nəzarətində olan beynəlxalq təşkilatlar dünyanın müxtəlif yerlərində olan regional münaqişələrin həllində maraqlı deyildirlər, çünki onlar həmin münaqişələrdən dünyanın idarə olunmasında, öz maraqlarının təmin olunmasında köməkçi vasitə kimi istifadə edirlər. 

     2.Dünyanın bir sıra regionlarında, xüsusilə də Ukraynada baş verən hadisələrə münasibət beynəlxalq təşkilatların, iri dövlətlərin ikili standartlar siyasətini aydın şəkildə göstərdi. Ukraynaya qarşı Rusiyanın işğalçı hərəkətləri tanındı və pislənildi, Ukraynadakı separatçı hərəkat pislənildi, Ukraynaya hər tərəfli dəstək verildi, Rusiyaya, onun Ukraynanın şərqində yaratdığı separatçı rejimə qarşı sanksiyalar tətbiq olundu. Eyni münasibət işğalçı Ermənistana və onun Dağlıq Qarabağda yaratdığı qondarma və separatçı rejimə qarşı nümayiş etdirilmədi. Böyük Britaniyanın tərkibindəki Şotlandiya və İspaniyanın Kataloniya əyaləti ilə bağlı referendum insidentləri separatçılığın bu gün dünyada aktual olmadığını bir daha təsdiq etdi. Birinci halda referendumda iştirak edənlərin əksəriyyəti müstəqilliyin əleyhinə səs verdi, ikinci halda isə referendumun keçirilməsinə imkan verilmədi, təşkilatçılar adi sorğu ilə kifayətlənməli oldular. Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bu tendensiyanı da nəzərə almalıdırlar.

     3.Azərbaycan hakimiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün qaneedici addımlar ata bilmədi, yarımçıq təşəbbüslərlə kifayətləndi. Hakimiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərtlər irəli sürdü, lakin o şərtlərin arxasından geri çəkildi, axıra qədər şərtlərin üzərində dayana bilmədi. Cəbhə xəttində öz qüvvəsini bir neçə dəfə nümayiş etdirdi, lakin xırda əməliyyatlardan o tərəfə keçə bilmədi. Düşmənin torpaqlarımızı tərk edib getməsi, dünyanın səsimizi eşitməsi üçün 5-10 işğalçı erməni əsgərinin öldürülməsi, bir helikopterin vurulması kifayət etmir, hər dəfə düşmənin yüzlərlə əsgərini, onlarla hərbi texnikasını məhv etməliyik ki, məqsədimizə nail ola bilək. 

4. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqların davam etdirilməsinin heç bir mənası yoxdur, həmsədrlər açıq-aşkar ermənipərəst mövqedən çıxış edirlər. Danışıqların bu formatından imtina edilməlidir.

5. Azərbaycan cəmiyyəti Qarabağ məsələsi ətrafında birləşə bilər. Cəmiyyətin yalnız bu məsələ ətrafında bir araya gələ biləcəyi aydın görünür. Cəmiyyətin bütün təbəqələrinin, iqtidarın, müxalifətin, QHT-lərin, ictimai xadimlərin Qarabağ naminə birgə fəaliyyət mexanizmi tapılmalı və tətbiq olunmalıdır. Bu yöndə iqtidarın daha təşəbbüskar olması, ilk addımı atması səmərəli ola bilər. Ümumi mövqenin əldə olunması istiqamətində ilk təşəbbüs kimi hakimiyyət və cəmiyyət səviyyəsində ermənilərlə “xalq diplomatiyası”nın bütün formalarından imtina edilməlidir. 

6. Silahli Qüvvələrə ictimai nəzarət sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu günə qədər işləyən strukturların əməyini silmədən, bu sturukturların daha səmərəli işləməsi, yenidən qurulması, cəmiyyətin və ordunun tam ürəkdən inandığı bir quruma çevrilməsi üçün addımların atılması vacibdir.

7. Hakimiyyət və cəmiyyət səviyyəsində 2015-ci ilin “Qarabağ İli” elan olunmasını təklif edirik. Bu il ərzində hakimiyyət və cəmiyyət səviyyəsində bütün imkanlar səfərbər edilməli, çoxsahəli işlər həyata keçirilməli, torpaqlarımız nəyin bahasına olursa-olsun işğaldan azad edilməlidir. 

 

Sənəd Qarabağ Azadlıq Təşkilatı Ali Məclisinin 20 dekabr 2014-cü il tarixli iclasında ilk oxunuşda, QAT İdarə heyətinin 06 yanvar 2015-ci il tarixli iclasında isə yekun variantında qəbul olunub.

           

Bölməyə aid digər xəbərlər

18 Sent 2020 Azərbaycanda referendum təklif olunur – Deputatlardan REAKSİYA

02 Sent 2020 “Ramiz Mehdiyev də dəyişiklik istəyir” – Qubad İbadoğlu

13 Avq 2020 Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

01 Avq 2020 Ağdamda İran minaatanları tapıldı: Tehran Ermənistana silah ötürüb? - (FOTO)

06 İyun 2020 Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

07 Mart 2020 Elşən Əlisoy Baş Prokurorluğa çağırıldı

19 May 2018 Milli Məclisin növbədənkənar iclası çağrıla bilər

10 Fev 2018 iranda bir neçə nəfər casusluqda ittiham olunaraq həbs edilib

05 Fev 2018 Milli Şura və AXCP prezident seçkisini boykot etdi –Mart ayına etiraz aksiyaları təyin olundu QƏRAR

05 Fev 2018 Türkiyə Suriyadan çıxmalıdır - İran

25 Okt 2017 "Ermənilərin türk parlamentinə seçilməsi razılaşdırılmış məsələyə bənzəyir" -XƏZƏR TEYYUBLU

18 Okt 2017 Lavrovun Bakıya mesajının pərdəarxası – Ekspert

03 Noy 2016 Merkel Türkiyəni tənqid etdi

31 Okt 2016 Gürcüstandakı seçkilərin son nəticələri açıqlandı

28 Okt 2016 Putin Fətullah Güləndən danışdı

25 Okt 2016 Vaşinqton Post: Rusiya ABŞ-a qalib gəlir…

24 Okt 2016 Azərbaycan Xəzər hövzəsində təklənə bilər

24 Okt 2016 KXCP - Ölkə Başçısını Konstitusiyaya əməl etməyə çağırır

18 Okt 2016 QAT sədri Eldar Mahmudovun qurbanlarına ədalət istədi

17 Okt 2016 Mosul əməliyyatı – 7 kənd İŞİD-dən azad edildi

16 Okt 2016 Şotlandiyada müstəqilliklə bağlı təkrar referendum keçiriləcək

13 Okt 2016 BMT-nin baş katibi Portuqaliyalı oldu

10 Okt 2016 Sonuncu variant- Referendumla bağlı STP-nin mövqe sənədi

10 Okt 2016 KXCP Müstəqillik günü ilə bağlı tədbir keçirəcək

09 Okt 2016 İlham Əliyev Türkiyəyə gedib

08 Okt 2016 Rusiya BMT TŞ-də Fransanın Suriyaya ilə bağlı qətnaməsini bloklayıb

07 Okt 2016 “Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzi aktiv fəaliyyətə başlamaq haqda qərar verdi

07 Okt 2016 N. Məmmədov: 'Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir'

07 Okt 2016 Rusiya-Ermənistan hərbi sasişi təsdiqə gedir

04 Okt 2016 İlham Əliyev təhsil işçilərini təltif edib – SİYAHI

Xəbər lenti