|
Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev virtualaz.org və haqqin.az saytlarına eksklüziv müsahibəsində bu ilin avqust ayında Soçidə prezidentlər İlham Əliyev, Vladimir Putin və Serj Sərkisyan arasında razılaşdırılmış Qarabağ planını açıb. Lakin deputat deyir ki, Ermənistan bu planının reallaşmasına mane olur.
-Belə təəsürat yaranır ki, Rusiyanın sülh danışıqlarının fəallaşmasına yönələn bütün səyləri iflasa uğrayıb. Axı prezidentlərin Soçi görüşündən sonra xeyli gözləntilər var idi. Necə ola bilər ki, tərəflər hər hansı razılaşmaya yaxınlaşa bilmədilər?
-Əksinə, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları zamanı çox mühüm razılaşma əldə edilmişdi və bu razılaşma Azərbaycanın zəbt olunmuş rayonlarının mərhələlərlə boşaldılması yolunda bir çox mübahisəli məsələləri aradan qaldırmışdı. Bu razılaşmanın yerinə yetirilməsi qoşunların təmas xəttindən qansız-qadasız geri çəkilməsinə və qaçqınların öz yerlərinə qayıtmasına imkan verəcəkdi. Paralel olararaq Qarabağın gələcək statusunun referendumda müəyyən edilməsinin müzakirəsi imkanları yaranırdı.
Bu münaqişənin tarixi boyu keçirilən digər görüşlərdən fərqli olaraq məhz bu görüş və orada qəbul edilmiş qərarlar məsələnin sülh yolu ilə həll edilməsinə çox ciddi təsir göstərə bilər. Bu, Rusiyanın regionda sülhün təmin edilməsinə əhəmiyyətli töhfəsi olardı.
-Yəni siz demək istəyirsiniz ki, prezidentlər Soçidə konkret razılaşma əldə etmişdilər?
-Əvvəlcə bütün tərəflər Rusiyanın irəli sürdüyü təkliflərlə razı idi və bu, Cənubi Qafqazdakı üzücü münaqişənin nizamlanmasına böyük ümidlər yaratmışdı. Azərbaycan və erməni tərəflərinin maraqlarını nəzərə alaraq Rusiya prezidentinin Administrasiyası və XİN tərəflər arasında sülhün əldə edilməsinin daha məntiqli formulunu işləyib hazırlamışdı. Həmin formul münaqişə tərəflərinin prezidentləri tərəfindən qəbul edilmişdi və Rusiya bundan xeyli sevinmişdi. İndi prosesin ləngiməsi və həmin prinsiplərin yerinə yetirilməməsi aydın deyil. Mənim Azərbaycan rəhbərliyi ilə bu yaxınlarda keçirdiyim görüşdə aydınlaşdı ki, rəsmi Bakı bu prosesin həyata keçirilməsinin başlamasını böyük ümidlə gözləyir və onlara aydın deyil ki, erməni tərəfi həmin prinsiplərin yerinə yetirilməsini niyə təxirə salır.
Onlar öz tərəflərindən məni əmin etdilər ki, Soçi görüşündə əldə edilmiş bütün razılaşmalar qüvvəsində qalır, Rusiyaya, onun prezidenti Vladimir Putinə Qarabağ münaqişəsinin dinc yolla həllində, işğal edilmiş torpaqların geri qaytarılmasında böyük ümidlər bəslənilir.
Mən çox ümid edirəm ki, yaxın vaxtlarda Ermənistan rəhbərliuyi Soçi görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsinə başlayacaq. Çünki biz regionda neqativ tendensiya müşahidə edirik. Soçi razılaşmalarından nə qədər uzaqlaşsaq regionda vəziyyət o qədər çox gərginləşəcək. Hər iki tərəfdən lüzumsuz, mənasız itkilər var. Soçi görüşündən nə qədər uzaqlaşsaq tərəflərə masa arxasına keçib öz xalqlarının dinc gələcəyi üçün qərarlar qəbul etmək də o qədər çətin olacaq.
Bu, taleyin qonşu etdiyi iki xalq arasında sülhün əldə edilməsi üçün daha bir şansdır. Azərbaycan və Ermənistan yüz illiklər boyu mövcuddur. Hər iki tərəfin insanlıq tarixində öz rolu var. Onlar uzun əsrlərdir qonşudur və hələ uzun əsrlər boyu qonşu olmaqda davam edəcəklər. Münaqişənin onilliklər boyu uzanmasına imkan vermək olmaz. Belə olsa sizin uşaqlarınızın başı üzərində dinc səma da olmayacaq, deməli onların normal, xoşbəxt gələcəyi də olmayacaq.
-Əksinə, Soçi görüşündən sonra regionda gərginliyin artması müşahidə edilir. Hərbi əməliyyatların başlaması nə dərəcədə realdır və Rusiyanın mövqeyi necə olacaq?
-Müharibənin elə bu saat başlayacağı hissi həmişə gənc nəsli və onların valideyinlərini təqib edəcək. Bu isə gənc nəslin həyatında heç də xoş hisslər deyil. Rusiyanın perimetri boyu qaynaq münaqişələr bizim ölkəmizin və xalqımızın marağında deyil. Biz bütün mümkün yollarla bu münaqişə ocaqlarını söndürməyə, münaqişə tərəflərini danışıqlar masası arxasına qaytarmağa çalışırıq. Rusiya öz sərhədləri boyu qardaş qırğınlarından çox əziyyət çəkir. Biz buna laqeyd qala bilmərik, axı vaxtilə vahid, böyük ölkədə yaşamışıq, onun oğulları, qızlarıyıq. Biz SSRİ vətəndaşları olmuşuq və bu nəhəng ölkədə sərbəst hərəkətə, harada istəsələr orada yaşamağa imkan vermişik.
-Lakin razılaşın ki, Azərbaycan heç cür öz ərazilərinin işğal edilməsi ilə barışa bilməz.
-Müharibə-təkcə dağıntı və ölüm deyil, eyni zamanda doğma torpaqları, əcdadlarının məzarlarını tərk etmək deməkdir. Görün nə qədər azərbaycanlı doğma kəndlərinə, ata-baba evlərinə gedə bilmir. Daha da ağır olanı budur ki, insanlar öz ata-analarının məzarlarını ziyarət etmək imkanından məhrumdur, çünki onların dəfn olunduqları yerlər qarşı tərəfin işğalı altındadır. Mən azərbaycanlıların Şuşa kimi gözəl şəhərə baş çəkmək imkanından məhrum edilməsini yaxşı başa düşürəm. Bu, çox çətindir, ona görə də bu münaqişənin yenidən alovlanmaması üçün Soçi razılaşmalarını yerinə yetirmək lazımdır. Azərbaycan tərəfi Rusiya prezidentinin Soçidə təqdim etdiyi təkliflərə Ermənistandan cavab addımları gözləyir. Bu, realdır və yaxın vaxtlarda ilk addımar atılacaq. Axı həmin razılaşmaların yerinə yetirilməsinin qarantı Rusiya və onun prezidenti Vladimir Putindir.
Virtualaz.org