|
Nils Muiznieksə görə, hüquq müdafiəçilərinin həbs müddətinin uzadılması hakimiyyətin siyasi məhbus məsələsində tezliklə geri çəkilməyəcəyini göstərir; Ədliyyə naziri İlqar Məmmədovla bağlı nə deyib?..
Avropa Şurasının insan haqları komissarı Nils Muiznieksin Bakıya ikigünlük səfəri başa çatıb. N.Muiznieksin səfəri hakimiyyətin siyasi məhbuslarla bağlı İşçi Qrupunun yaradılması ilə eyni vaxta təsadüf edirdi. Amma N.Muizneksin Bakıdakı görüşlərinin gərgin keçməsi hakimiyyətin siyasi məhbus məsələsində gözlənildiyi kimi tam kompromisə hazır olmadığını da üzə çıxarıb. Hər halda Avropa Şurasının insan haqları komissarı Bakıdan nikbin ayrılmayıb. Onun xüsusilə ədliyyə naziri Fikrət Məmmədovla görüşünün gərgin atmosferdə keçdiyini özü də təsdiq edib.
Komissar ədliyyə naziri ilə görüşü haqda bunları deyib: “Nazirlə görüşümdə bu işlərin çoxundan, eləcə də QHT qanunvericiliyinin pozulması hallarından danışdım. Saxlananlar qanunsuz sahibkarlıq, səlahiyyətdən sui-istifadə, vergidən yayınmada ittiham olunur. Nazirə xatırlatdım - hakimiyyətə xəbərdarlıq etmişdim ki, QHT fəaliyyətinə məhdudiyyətlər qanun pozuntularına gətirəcək. Dedim ki, normal QHT fəaliyyətini kriminallaşdırmaq Azərbaycanda insan hüquqları işini tamamilə mümkünsüz edir. Dedim ki, proqnozlarım özünü doğrultdu və sizi QHT qanununa yenidən baxmağa, parlamentin təklif etdiyi son dəyişiklikləri qəbul etməməyə çağırıram. Söhbət çox çətin keçdi. Məncə, nazir mövqeyimi anladı. Ümid edirəm növbəti bir neçə ay ərzində QHT qanunu və onun tətbiqinə yenidən baxmaq imkanları yaranacaq. Venesiya Komissiyası da QHT qanunvericiliyi ilə bağlı rəyini açıqlayacaq. Bu, Azərbaycanla Avropa Şurası arasında fəaliyyət planında nəzərdə tutulub”.(“Azadlıq”radiosu).
Komissar ədliyyə naziri Fikrət Məmmədovla REAL Hərəkatının lideri İlqar Məmmədov barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarını da müzakirə etdiyini deyib: “Soruşdum ki, bu qərar yerli ədliyyə sistemində digər işlər, özəlliklə də törətdikləri cinayətlərə görə deyil, susdurmaq üçün saxlanmış və ya məhkum edilmişlərin işləri barədə geniş müzakirələrə yol açdımı? İlqar Məmmədov barəsində qərar məhz bu məqamı üzə çıxarıb. Nazir dedi ki, hakim pozuntuya yol veribsə, cəzalanacaq. Məhkəmə bu işlərə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası məsələsinə yenidən baxacaq. Onları çağırdım ki, bu qərarı xəbərdarlıq siqnalı kimi qəbul edib insanların şübhəli dəlillərlə saxlandığı və ya məhkum olunduğu digər işlərə yenidən baxsınlar”.
“Sizdə növbəti bir neçə ay ərzində həbsdəki bəzi şəxslərin buraxılacağına əminlik yarandımı” sualını komissar belə cavablandırıb: “Mən əmin deyiləm. Vədlərə deyil, əməllərə inanıram. Azərbaycan hakimiyyətindən insan haqlarının durumunu yaxşılaşdırmaq üçün konkret işlər gözləyirəm”.
Qeyd edək ki, komissar qeyd edib ki, Bakıda olarkən Rəsul Cəfərov, Leyla Yunus və İntiqam Əliyevin həbs müddəti uzadılıb: “Bu şəxslərin həbs müddətinin uzadılmasına heç bir əsas görmürəm, qərarları pisləyirəm. Məncə, Leyla Yunusun durumuna xüsusi diqqət ayrılmalıdır. Onun səhhətində ciddi problemlər var. Təcridxanada səhhəti daha da pisləşib, onun sağlıq durumu ilə saxlanma şəraiti arasında uyğunsuzluq var. Təkcə fiziki deyil, psixi durumu da yaxşı deyil. Onunla görüşəndə ciddi emosional stress içindəydi”.
Muiznieks deyib ki, Leyla Yunus ona təcridxanada döyülməsindən də danışıb: “Bunu yoxlamaq imkanında deyiləm, ancaq gördüyüm odur ki, təcridxanada qalmaq onun səhhətini daha da ağırlaşdırır. Hakimiyyəti Leyla Yunusu tezliklə buraxmağa çağırıram”.
Qeyd edək ki, “İsmayıllı işi” üzrə Şəkidə baş tutmuş məhkəmədə hakim Rəşid Hüseynov olub. Məhkəmənin qərarı ilə REAL sədri 7 il azadlıqdan məhrum edilib. Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin verdiyi qərarı qüvvədə saxlayıb.
Oktyabrın 14-də isə Avropa İnsan Hüquqları Məhkəməsi isə REAL sədri İlqar Məmmədovla bağlı qərarı qəti qüvvəyə minib. Məhkəmənin qərarına əsasən, İlqar Məmmədov azad olunmalı, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə ona 22 min avro təzminat ödəməlidir.
Ancaq avqustun 8-də Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarından Böyük Palataya müraciət edib. Oktyabrın 13-də kollegiya müraciətə baxıb və onu Böyük Palatanın baxışına verməkdən imtina edib. Bununla da Məhkəmənin mayda çıxardığı qərar qəti qüvvəyə minib. Məhkəmənin qərarı ilə İlqar Məmmədov 3 ay ərzində azadlığa buraxılmalıdır./musavat.com/