|
Oktyabrın 15-də Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi müzakirəyə çıxarılacaq.
Oktyabrın 14-də Müxalifətin Demokratiya və İnsan Haqları Mərkəzinin növbədənkənar toplantısı olub. Toplantı KXCP qərargahında keçirilib.
Mərkəzdə təmsil olunan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin musavat.com-a verdiyi məlumat görə, toplantıda oktyabrın 15-də keçirilməsi planlaşdırılan dəyirmi masa və digər məsələlərlə bağlı müzakirə aparılıb: “Müxalifətin Demokratiya və İnsan Haqları Mərkəzi oktyabrın 15-də saat 12-də Müsavat Partiyasının qərargahında Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyəti haqqında qəbul etdiyi son qətnaməyə həsr olunmuş dəyirmi masa keçiriləcək. Toplantıda həmin dəyirmi masaya hazırlıqla bağlı məsələləri müzakirə etdik. Toplantıda Mərkəzə daxil olan Müsavat Partiyasının başqanı Arif Hacılı, KXCP sədri Mirmahmud Mirəlioğlu, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Azad Demokratlar Partiyasının sədr müavini və AXP sədri iştirak edirdi. Dəyirmi Masanın bəyanat layihəsi müzakirə edildi”.
Toplantıda proporsional seçki sisteminin bərpası ilə bağlı ölkə prezidentinə, Milli Məclisə və Mərkəzi Seçki Komissiyasına müraciətlərin mətni, eyni zamanda referenduma çıxarılması istənilən bu məsələnin mətn layihəsi də qəbul edilib.
Mərkəz Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü münasibətilə oktyabrın 18-də Fəxri Xiyabanda eks-prezident Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsini, sonra isə Müsavat Partiyasının qərargahında müstəqillik gününə həsr olunmuş toplantı keçirilməsini qərara alıb. /musavat.com/