|
Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin vətəndaş cəmiyyəti və insan haqlarının vəziyyəti ilə bağlı bəyanatı
09 oktyabr 2013- cü il prezident seçkilərini total saxtalaşdıraraq hakimiyyəti yenidən qanunsuz zəbt etmiş Əliyev rejimi iqtidarını qorumaq üçün vətəndaş cəmiyyəti fəallarına qarşı total repressiyalar həyata keçirməkdədir. Son bir neçə ayda bu repressiyalar artan xətt üzrə davam edir.
Tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Rəsul Cəfərovun həbslərinin ardınca bir çox QTH-lərin bank hesabına həbs qoyulub. Aparılan təqib və təzyiqlər nəticəsində bəzi QHT rəhbərləri ölkəni tərk ediblər. Bir sıra təşkilatların qrant layihələri səbəbsiz yerə Ədliyyə nazirliyi tərəfindən qeydiyyata alınmır, əsassız süründürməçiliyə yol verilir.
Mediya əməkdaşlarının həbsləri günü-gündən artır. Bir neçə gün öncə jurnalist- Kanal 13 internet televiziyasının əməkdaşı, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Tovuz rayon şöbəsindən Ali Məclis üzvü Vüqar İsmayılov Nəqliyyat nazirliyinin əməkdaşlarının qondarma şikayəti ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar İsmayılov 2013- cü il seçkilərində Milli Şuranın namizədi Cəmil Həsənli ilə bağlı keçirilən imza kampaniyasında iştirak etdiyinə görə 7 sutka inzibati həbs cəzasına məruz qalmışdı.“Azadlıq” qəzetinin əməkdaşların Seymur Həzi qondarma cinayət işi ilə həbs edilib.
Təəssüf doğuran haldır ki, iqtidar rəqiblərinə qarşı sərgilədiyi qanunsuz mübarizəni qeyri-sivil və anti-bəşəri metodlarla aparır. KXCP sədrinin müavini Oqtay Gülalıyevin ötən il-prezident seçkiləri ərəfəsində-döyülərək ağır bıçaq xəsarətinə məruz qalan azyaşlı oğlu Əli Gülalıyev zərərçəkən olmasına baxmayaraq bir ildən sonra ona qarşı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsi tərəfindən AR CM-nin 221.1-ci maddəsi qaldırılan cinayət işi ilə bağlı artıq məhkəmə prosesi başlayıb.
Hakimiyyət ictimai siyasi fəallara qarşı təzyiqləri təkcə azadlıqda olan insanlara deyil, azadlığı məhdudlaşdırıımış, həbs etdiyi siyasi məhbuslara qarşı dəmir barmaqlılar arasında da davam etdirir. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) 200-dən çox iş göndərmiş və hazırda 50-dən yuxarı şikayətlə bağlı iş üzrə iddiaçıların qanuni nümayəndəsi olan İntiqam Əliyevə adı çəkilən qurumla kommunikasiya qurmasına imkan verilmir. Onun saxlanma şəraitində, vəkilləri ilə sərbəst və konfidensial ünsiyyət saxlamağəna, özünün müdafiə taktikasının qurulmasında problemlər yaradılır.
Qanunsuz həbsdə olan tanınmış hüquq müdafiəçisi Leyla Yunusa qarşı hakimiyyətin işgəncələri və psixoloji təzyiqlər davam etdirir. Ona qarşı dəfələrlə cinayət törətmiş bəzi dustaqlar və həbsxana işçiləri vasitəsi ilə zorakılıq edilir, psixoloji təzyiqlər göstərilir, dərman və digər diabet xəstəsi üçün lazım olan yeməklərlə təmin olunmasına maneçilik yaradılır. Bu barədə həbsxana rəhbərliyinə şikayət edilsə də rəhbərlik təzyiq göstərənləri deyil, Leyla Yunusu cəzalandırır.
Daxili İşlər Nazirliyinə ünvanladığı rəsmi müraciətə görə Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev sözü gedən nazirliyin rəhbəri Ramil Usubov tərəfindən “Diffamasiya haqqında Qanun”-un tələblərinə zidd olaraq məhkəməyə verilib.
Baş verən hadisələr göstərir ki, hakimiyyət Anar Məmmədlinin timsalında QHT rəhbərlərini, “NİDA”-çıların simasında gəncləri, İntiqam Əliyev nümunəsində hüquq müdafiəçilərini, Leyla xanımın şəxsində qadınları, Eldəniz Quliyevə münasibətdə ziyalıları və beləliklə bütün cəmiyyəti susdurmaq üçün 1937-ci il repressiyalarını bərpa etməyə çalışır.
Azərbaycanda vətəndaş cəmiyyətinə olan represiyalarla bağlı Avropa Parlamenti kimi nüfuzlu təşkilatların qətiyyətli mövqeyi, hətta insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların gündəliyə gətirilməsi, ABŞ prezidentinin Azərbaycanda QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdiyini vurğulaması vəziyyətin dözülməz hala gəldiyini göstərir. Bütün bunların Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən bir ölkədə baş verməsi isə vəziyyətin nə qədər təhlükəli olduğudan xəbər verir.
Klassik Xalq Cəbhəsi Partiyası bir daha vətəndaş cəmiyyəti institutlarına, ictimai siyasi fəallara qarşı həyata keçirilən repressiyaları qətiyyətlə pisləyir, bu siyasətin dayandırılmasını və həbsdə olan bütün vicdan və siyasi məhbusların qeyd- şərtsiz azad olunmasını tələb edir.
Teleqraf.az