|
"Türkiyənin NATO qərargahlarında hərbçi saxlayacağına əminəm."
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv dövlətlərin müdafiə nazirlərinin oktyabrın 26-da başlayacaq toplantısından əvvəl keçirdiyi mətbuat konfransında bildirib.
"Dövlət çevrilişinə cəhddən sonra NATO-nun qərargahlarında Türkiyə hərbçiləri dəyişdirildi. Əlbəttə, iyulun 15-dən, dövlət çevrilişinə cəhddən sonra Türkiyəyə getmişdim. Onda Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla bəzi məsul şəxslərlə görüşdüm. Noyabrda da yenə Türkiyəyə səfər edəcəyəm. Türkiyənin NATO-da hərbçi saxlayıb-saxlamaması məsələsini müzakirə edəcəyik. Türkiyə iyulda dövlət çevrilişinə cəhdində əli olanları mühakimə etmək hüququna malikdir. Əsas məsələ bunun qanunun aliliyi prinsipi çərçivəsində icra edilməsidir" - Yens Stoltenberq söyləyib.
Məlumata görə, NATO-nun baş katibi Türkiyə ilə Avropa Şurası arasında bu məsələyə dair əməkdaşlığı məmnunluqla qarşıladığını bildirərək Alyansdakı müttəfiqlərin fəaliyyətindən danışıb: "Əvvəlcədən qəbul edilmiş qərara əsasən, 2017-ci ilin əvvəllərində 4 çoxmilli briqadanı Alyansın şərq qanadında yerləşdirəcəyik. Məqsədimiz münaqişə yaratmaq deyil, ondan yayınmaqdır.
NATO terrorçu İŞİD qruplaşmasına qarşı mübarizəni sürətləndirib. İordaniyada yüzlərlə iraqlı hərbçiyə təlim keçmişik. Önümüzdəki aylarda İraqa dəstəyimizi artıracağıq. NATO-nun bütün müttəfiqləri İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzvdür. Oktyabrın 20-də NATO "AWACS"larını İraqda havaya qaldırdı".