|
Qafqaz Müsəlmanları İdarəsi “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin əleyhinə idi
“Azərbaycanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbuluna obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur. Cəmiyyət bilməlidir ki, qanunun qəbulunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi idi”.
Bunu parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Trend-in xəbərinə görə, komitə sədri qanunun əleyhinə olan Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə görüşlər keçirdiklərini bildirib.
“Narahatlıq doğuran məsələləri birgə müzakirə edirik. Onlar bizə deyir ki, məsələnin əsl mahiyyəti tam izah olunmayıb. Artıq indi görüşümüzün nəticəsi olaraq bizə deyirlər ki, layihədə nəzərdə tutulan məsələlər heç də islama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə qanun layihəsinə razılığını artıq verib” - deyə komitə sədri bildirib.