|
Yaponiya Yenaquni adasına öz hərbçilərini yerləşdirib.
Bu barədə informasiyanı Yaponiya mətbuatı yayıb. Tokio bu adaya 160 hərbçi göndərib. Yaponiya qoşunlarını adaya yerləşdirməklə Çinin buraya öz desant qüvvələrini çıxartmasına maneə yaratmağa çalışır.
Qeyd edək ki, Yenaquni adası Çinlə mübahisəli olan Senkaku arxipelaqı yaxınlığında yerləşir. Tərəflər arasında bu barədə mübahisə 2012-ci ildən etibarən yenidən qızışıb. Bu vaxta qədər arxipelaqın 5 adasından 3-ünün şəxsi sahibi olub. Tokionun həmin ərəfədə bu üç adanı alması Pekinin kəskin etirazıyla qarşılanıb.
Yaponiya indiyə qədər bu adaları öz ərazisi hesab edir. Rəsmi Tokio bu adaların 1895-ci ildən etibarən Yaponiyaya tabe olduğunu bildirir. Çin isə onun 600 il öncədən Pekinə məxsus olduğunu və hətta 1783-1785-ci illərdəki yapon xəritələrində Çin ərazisi kimi göstərildiyini iddia edir. (Axar.az)