|
Teleqraf.az-ın məlumatına görə, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər musavat.com-un suallarını cavablandırıb.
- AzDP parlament seçkilərinə necə hazırlaşır? Ümumiyyətlə, hazırlaşırmı?
- Çox təəssüf ki, ölkədə yaranmış seçkiqabağı vəziyyət normal deyil və bu, bizim işimizi çox zorlaşdırır. Heç buna seçkiqabağı mühit demək mümkün deyil. Seçkiyə ilin əvvəlindən ciddi şəkildə hazırlaşırdıq. Amma ölkədə seçki ab-havasının olmaması, hakimiyyətin seçki islahatına, demokratik islahatlara yaxın durmaması, belə bir niyyəti nümayiş etdirməməsi hazırlıqlarımızı yarımçıq qoyub. Baxmayaraq ki, bir qrup müxalifət partiyası ilə də dialoq başlamışdı, bu da cəmiyyətdə müəyyən ümidlər yaratmışdı. Amma seçkiyə çox az bir zaman qalmasına baxmayaraq, bu görüşlərdə belə seçki məsələsi, seçki islahatı müzakirə edilmədi. AzDP yeni yaranan bir partiya kimi seçkiyə ciddi şəkildə hazırlaşırdı.
Buhazırlıqlara iki ciddi zərbə oldu. Bir tərəfdən, hakimiyyət partiyamızı rəsmi dövlət qeydiyyatına almadı. Artıq AzDP-nin yaradılmasının bir ili tamam olub. Hələ hakimiyyət AzDP-ni qeydə almaq niyyətində deyil, belə bir niyyəti görmürük. Baxmayaraq ki, hakimiyyət Azərbaycan müxalifəti ilə dialoqa getmək və seçki keçirmək istəyir. İkincisi də ölkədə seçki ab-havası yoxdur. Yəni illərdir müxalifət bir yana, ATƏT-in seçki ilə bağlı çoxsaylı tövsiyələri var.
Bu tövsiyələrdən heç biri yerinə yetirilməyib. Ölkədə demokratiya və azadlıq sahəsində vəziyyət getdikcə pisləşir. Bu da işimizi çətinləşdirir. Üzvlərimizi seçkidə iştirak etməyə, namizədliyini irəli sürməyə həvəsləndirmək çətinləşir. Mən bunu bir neçə gün əvvəl “Azadlıq-2015" seçki blokunun toplantısında da demişəm, öz narahatlığımı həmkarlarıma çatdırmışam. Belə davam edərsə, çox çətin olacaq.
- Yəni sizin partiya boykot qərarı verə bilərmi?
- Hələ ki mən tələsmək istəməzdim. Amma partiyada gedən müzakirələr optimist olmağa imkan vermir. Əgər ölkədə seçkiqabağı şəraitdə hər hansı bir köklü dəyişiklik olmasa, bu, istisna deyil.
- Ötən parlament seçkiləri ərəfəsində yaradılan İctimai Palatanın bərpası təklif olunur. Siz o təklifi necə qiymətləndirirsiniz?
- Çox təəssüf ki, Azərbaycan müxalifətinin son illərdəki birlik təcrübəsi əsas deyil. Hər birlik yaradıldıqdan sonra qarşıya qoyduğu məqsədə nail olunmur. Bunun səbəbləri tamamilə başqa söhbətin mövzusudur. Bundan sonra da tərəflər arasında münasibətlərdə əvvəlkindən də nisbətən daha böyük gərginlik yaranır, ziddiyyətlər daha da dərinləşir, qarşılıqlı ittihamlar başlayır.
Cəmiyyətdə də həm müxalifət qüvvələrinə, həm demokratik qüvvələrə, bu dəyərlərin daşıyıcılarına, o cümlədən demokratiyaya inam daha da sarsılır. O baxımdan mən çox da optimist deyiləm bu məsələdə. Azərbaycan müxalifətinin birlik məsələsinə də çox ehtiyatlı yanaşıram.
- Bəs müxalifət daxilində baş verənlərin, sizcə, səbəbi nədir? Ötən il Müsavat Partiyasında baş verənlər indi bir qədər fərqli formada AXCP-də təkrarlanır. İstefalar, qarşılıqlı ittihamlar var. Sizcə, bu ərəfədə müxalifətdə bu cür qopmaların səbəbi nədir?
- Bunun səbəbləri çoxdur. Burada iki başlıca səbəb var. Birincisi, hakimiyyətin apardığı repressiv siyasətdir. Bu, nəticədə demokratik təsisatların, o cümlədən siyasi müxalif institutların böyük bir hissəsinin sıradan çıxmasına səbəb olur. Meydanda qalanların isə göz qarşısında açıq-aydın şəkildə çox zəifləməsinin şahidi oluruq. Digər tərəfdən, müxalifət partiyaları da yaranmış vəziyyətə adekvat strategiya və taktika hazırlaya bilmədilər.
Nəticədə gördüyümüz vəziyyət yarandı. Yəni artıq hakimiyyət və müxalifət avtonom rejimdə çalışırlar, xalq da o cümlədən. Yəni hakimiyyət, müxalifət və xalq hərəsi öz muxtar rejimində çalışır. Qarşılıqlı əlaqə demək olar ki, minimum səviyyəsindədir. Bu anormal bir vəziyyətdir və ölkənin demokratik təsisatlarına çox mənfi təsir göstərən bir vəziyyətdir. Ölkədə yeni siyasi şərait yaranmayınca, yeni siyasi müxalifət ortaya çıxmayınca, müxalifət yenidən formatlanmayınca, mən bu vəziyyətin davam edəcəyini düşünürəm.
- Bir müddətdir ölkədə iqtidar-müxalifət görüşləri keçirilir. Sizcə, o görüşlərin hansısa nəticəsi olacaqmı?
- Bu görüşlər başlayanda mən də müsbət qarşılamışdım. Bu görüşlərdə partiya olaraq iştirak etməsək də, vətəndaş olaraq, eyni zamanda partiya sədri, siyasətçi olaraq bu görüşlərə müsbət qiymət verdim. O mənada ki, nəhayət, Azərbaycan iqtidarı da müxalifətlə bu cür məsələləri müzakirə etməyə başladı. Düşünürdüm ki, bu, görüşlər inkişaf edərək hakimiyyət-müxalifət dialoquna, bütövlükdə gələcəkdə daha da genişlənərək hakimiyyətin cəmiyyətlə dialoquna gətirib çıxaracaq. Bu da ölkənin demokratikləşməsinə, demokratik islahatlar aparılması üçün münbit bir ictimai-siyasi zəmin yaradar. Amma çox təəssüf ki, bugörüşlər real bir nəticə vermədi. Real konkret nəticələri yoxdur. Sanki hakimiyyətin özünə beynəlxalq birlik qarşısında öz müxalifəti ilə dialoqa girən, dialoqa hazır olan bir imic yaratmaq üçün aparılan kampaniya kimi lazımdır. Hələlik qənaət bundan ibarətdir. Bundan sonra da, açığı, elə də optimist baxmıram bu görüşlərin gələcəyinə. Bu istiqamətdə hər hansı bir inkişafın olacağına da inanmıram.
- Son aylar sizin partiyanızda hər hansı bir hərəkətlilik varmı? Məsələn, partiyadan çıxanlar, yeni üzvlər, bu sahədə vəziyyət necədir?
- Bir çox partiyalardan fərqli olaraq, bizim partiya açıq fəaliyyət göstərir. Çox çətindir fəaliyyət göstərmək. Bir tərəfdən ölkədə onsuz da demokratiya, insan haqları sahəsində vəziyyət pisləşir. Siyasi vəziyyət ağırdır, partiyanı ümumiyyətlə qeydə almırlar. Bunlar bizim işimizə təbii ki, mənfi təsir göstərir. Amma buna baxmayaraq, partiyanın əsas aktiv hissəsi fəaliyyətdədir. Nizamnaməyə uyğun olaraq rəhbər orqanlar fəaliyyətdədirlər. Rayon təşkilatları fəaliyyət göstərirlər. Partiya yeni yaranmış olduğu üçün gedənlər yoxdur. Gedənlərin də olması bir qədər anormal olardı. Yeni üzvlər gəlirlər, amma bu, kütləvi xarakter daşımır. Bu sahədə çətinliklər var.
- Əgər seçkiyə getmək qərarı versəniz, partiyanın neçə namizədi olacaq? Bu barədə müzakirələr olubmu?
- Seçkiyə getmək və ya getməmək qərarı mənim şəxsi qərarım ola bilməz. Buna partiyanın məclisi qərar verəcək. Bu, heç də mənim arzum deyil. Mən istərdim ki, Azərbaycan hakimiyyəti ölkədə heç olmasa minimal seçkiqabağı demokratik şərait yaratsın. Heç olmasa, AzDP bir partiya kimi seçkidə iştirak edə bilmək üçün dövlət qeydiyyatına alınsın. Bu, üzvlərimizdə stimul yaradar. İndiki halda, bizim partiyadan hələlik konkret öz fikrini dəqiqləşdirən on namizəd var. Biz bununla bağlı “Azadlıq-2015" seçki blokuna da məlumat vermişik. Amma gələcəkdə bu, artacaq. AzDP-nin seçkidə iştirak edib-etməyəcəyi məsələsi isə açıq qalıb.