|
İran Bəşər Əsədi devirmək üçün Suriyaya girəcəyi təqdirdə Türkiyəni raket zərbəsi endirməklə hədələyib.
Avropa.info xəbər verir ki, dünyaca məşhur "Wikileaks" saytı tərəfindən yayımlanan yeni bir sənəd, İranın Türkiyəni vurmaqla təhdid etdiyini ortaya çıxarıb.
Sayt Səudiyyə Ərəbistanın İrandakı səfirliyinin Xarici İşlər Nazirliyinə yolladığı məktubu dərc edib. Məktubda Türkiyənin Əsədə qarşı olan müxalifləri dəstəklədiyi üçün, Tehranın hədəfinə gəldiyi bildirilir. Qeyd olunur ki, rəsmi İran mediası məhz buna görə, Türkiyəyə qarşı antitəbliğat aparır.
Məktubda yazılır ki, Tehran rəsmiləri Türkiyəni Suriya inqilabını dəstəkləməkdən çəkindirmək üçün dəfələrlə təşəbbüs göstərib.
İran rəhbərliyi tərəfindən Türkiyəyə göndərilən bir nümayəndənin türk hava bazasından Suriyanı vurmaq üçün istifadə edilməsi halında Türkiyənin İran raketlərinin hədəfi olacağı ilə hədələməsinə dair məlumat isə məktubun ən diqqət çəkən hissəsidir. Məktubda qeyd olunur ki, Türkiyə İranın bu hədəsinə çox aqressiv cavab verib. Bir türk ordu rəsmisi İranın bütün hərbi obyektlərini darmadağın etmək üçün, ölkəsinə bir neçə gün vaxt lazım olduğunu iranlı rəsminin diqqətinə çatdırıb.
Məktubda qeyd olunur ki, İran Suriya və İraq hakimiyyətləri arasında bir koalisiya mövcuddur.
"İran İraqda və Suriyada vuruşan sünni qruplara qarşı hər ölkəyə 30 min şiə könüllüsü göndərib. Artıq Tehranda Həzrəti Əlini Allahın özü hesab edən Suriyadakı hakim ailənin inancı olan Nusayrilik İranın rəsmi məzhəbi olan şiəliyin bir qolu olaraq təsnifat edilir" deyə məktubda yazılıb.