|
Dünən martın 29-da Rusiya prezidenti Vladimir Putin Nijniy Novqorodda hərbi-texniki əməkdaşlıq üzrə hökumət komissiyasının iclasını keçirib. Virtualaz.org xəbər verir ki, iclasda Rusiyanın silah ixracına dair məsələlər müzakirə olunub. Putin bəyan edib ki, Rusiya silahlarına tələbat sürətlə artır və Suriyada keçirilən hərbi əməliyyatlar da tələbatın artmasına səbəb olub. Çünki bu əməliyyatlar zamanı Rusiyanın yeni silahları real döyüş şəraitində uğurla sınaqdan çıxıb. Putinin sözlərinə görə, ötən il Rusiya 14.5 milyard dollarlıq silah ixrac edib. Sifarişlər portfeli isə rekord həddə-52 milyard dollara çatıb.
“Kommersant” yazır ki, Putin MDB ölkələrinə silah ixracının da genişləndiyini, yeni sifarişlərin daxil olduğunu deyib. Qəzetin yazdığına görə bu zaman Putin Azərbaycanla 2011-ci ildə imzalanmış müqaviləyə də istinad edib. Həmin müqaviləyə əsasən Azərbaycan Rusiyadan T-90S tankları, BMP-3 piyada döyüş maşınları, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər hücum silahları alıb.
Bununla belə “Kommersant” qeyd edir ki, dünənki iclas tənqidlərsiz də ötüşməyib. Putin 2011-ci ildə Fransadan iki “Mistral” vertolyotdaşıyan gəmisinin alınmasına dair bağlanmış müqavilənin şərtlərinin Rusiya üçün tam əlverişsiz olduğunu deyib. Çünki həmin müqaviləyə əsasən Fransa tərəfi hökumətin qərarı ilə müqaviləni pozmaq imkanı əldə edib.
Habelə müqavilə birtərəfli qaydada pozulardısa Rusiya 1 milyardlıq müqavilədən cəmi 20 faiz ödənişi geri ala bilərdi. İkinci məsələ isə imzalanmış müqavilələrin yerinə yetirilməsi ilə bağlı texniki problemlərlə, konkret olaraq Azərbaycana BTR-82A zirehli transportyorlarının göndərilməsi ilə bağlı olub. Lakin qəzet Putinin bu məsələdə məhz nədən narazı qaldığını yazmır.
Xatırladaq ki, martın əvvəllərində Rusiya baş nazirinin müavini, hərbi sənayeni kurasiya edən Dmitri Roqozin “Rosoboroneksport”un nümayəndələri ilə Bakıya qəfil səfər edib. “Kommersant” iddia edib ki, səfər Azərbaycan tərəfinin sifariş verdiyi silahlara və texnikaya görə ödənişləri gecikdirməsi ilə əlaqəlidir. Belə ki, sifariş verilən texnika gəmilərə yüklənərək göndərilib, ancaq pulu ödənilmədiyindən boşaldılmır. Lakin Azərbaycan tərəfi ödənişlərlə bağlı heç bir problem olmadığını bəyan edib.
Xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant”a müsahibəsində deyib ki, problem bəzi silahların texniki parametrlərinin müqavilədə göstərilənlərə uyğun gəlməməsindədir və Roqozin bu problemin tezliklə aradan qaldırılacağına dair vəd verib. Habelə dünən məlum olub ki, Roqozinin Bakıya səfərindən sonra Azərbaycan Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov vəzifəsindən azad edilib, barəsində cinayət işi qaldırılıb. Onun Rusiya ilə silah müqaviləsindən hansısa formada korrupsiya məqsədi ilə yararlanmaq istədiyi bildirilir.
Virtualaz.org