|
"Günəşli" yatağının keçmiş işçisi ordakı bərbad iş şəraitindən danışır
Coşğun Kərimov: “Orda olan adrenalin və qorxu hissi ayrı olur”
Dekabrın 4-də saat 17:40 radələrində SOCAR-ın “Günəşli" yatağında faciə ilə nəticələnən güclü yanğın baş verib. Hazırda qəza bütün ölkənin gündəmindədir. Bu məkandakı iş şəraiti barədə gerçəklər isə çoxları üçün qaranlıqdır.
"Günəşli" Neft Yatağının keşmiş işçisi olduğunu iddia edən Coşğun Kərimov adlı gənc bu barədə sosial şəbəkədə maraqlı status yazıb. C.Kərimov yazıb ki, 10-cu və 8-ci platformalarda sadəcə 4 ay işləyib: “Orda olan adrenalin və qorxu hissi ayrı olur. Orda olan qəza vəziyyəti, acınacaqlı şərait və s. ayrı olur.
Hər dəfə vertolyotdan düşəndə briqadamızın işçiləri bir ağızdan "düşün uşaqlar, yenə bu xarabaya gəldik" deyərdilər. Xarabanın içində 2 həftə keçirmək insanı ayrı cür xarab edirdi. Neft qaz boruları, səs-küy və dayanmayan işlər. Ustalar həmişə gecə vaxtı uzaqdan "Azəri", "Çıraq" platformalarına baxmağı sevərdi. Orda olan şəraitdən və işçilərin rahatlığından danışardı. Bir dəfə nahardan qayıdan briqadanın qabağında "yolka" çökdü. Onlar nahardan biraz tez qayıtsaydı yolka qarışıq 5-10 nəfər də suya düşəcəkdi. Bir sözlə orda hər an hər şey baş verirdi və verə bilirdi. Bu insanlar həmin xarabaya keflərindən getmirdi. Çoxunun oxutdurduğu balası, baxdığı ailəsi və stol üstünə qoymalı olduğu çörək var idi. Fərhad dağı bir dəfə yarmışdı. Bu adamlar hər "smen"də bir dağ yarırmış kimi işləyirdi”.
C.Kərimov daha sonra yazıb: “Həmin xaraba bir neçəsinin gördüyü son mənzərə oldu. Allah onların əməyinin əvəzini versin. Onların ailələrinin səbrini və dözümünü məhz elə onların biləkləri kimi güclü etsin! Allah rəhmət eləsin! Ölkəmizdə isə bu bir trendə çevrilir. Mütləq kimlərsə ölür ki, sonradan hansısa təhlükəsizlik tədbirləri görülsün. Niyə sonradan? Həmin platformalarda olan şəraitsizliyi illər öncə elə məhz o çıxarılan "qara resursun" hesabına düzəltmək olardı”.