|
Şəkidə bıçaqlanma baş verib. Hadisə rayonun Oxud kəndində qeydə alınıb.
“Azadlıq-2015” seçki blokunda təmsil olunan AXP sədri komissiya üzvlərinin savadsızlığından şikayətçidir
“Seçki komissiyaları parlament seçkisinə blokların tərkibində qatılmaq istəyən şəxslərdən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edir”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. Partiya sədri bu faktı qanuni hüququnu istifadə etmək istəyənlərə yaradılan süni maneə kimi qiymətləndirir. Yada salaq ki, AXP seçkiyə 7 partiyanın təmsil olunduğu “Azadlıq 2015” seçki blokundan qatılıb.
1 noyabr seçkilərinə sentyabrın 1-dən start verilib. Artıq seçkiyə qatılmaq istəyən iddialıların çoxu imza vərəqləri almaq üçün dairə seçki komissiyalarına müraciət edib. İmza vərəqlərinin alınması üçün DSK-ya müraciət edilməsi seçki qanunlarına görə namizədlərin atacağı ilk addımdır. İkinci mərhələdə namizəd olmaq istəyən şəxslər iddialı olduqları dairədən 450 seçicinin imzasını toplayaraq seçki komissiyasına təqdim etməlidirlər. Seçki komissiyası imzaların real olub-olmadığını yoxlayandan sonra iddialıların seçkidə iştirakı haqqında qərar verilir.
Pənah Hüseyn deyir ki, Dairə Seçki Komissiyaları Xalq Partiyasının, eləcə də “Azadlıq-2015” blokunda təmsil olunan digər partiyaların bir neçə üzvündən Mərkəzi Seçki Komissiyasının təlimatlarında olmayan sənədlər istəyib: “İddialılardan partiya biletinin surəti, nə Seçki Məcəlləsində, nə də MSK-nın təlimatına olmayan protokollar, qərarlar istənir. Bu tələblərin heç bir qanuni əsası yoxdur və seçkiyə namizəd olaraq qatılmaq istəyənlərə bir neçə cəhətdən ciddi əngəldir. Təsəvvür edin ki, Naxçıvandakı, ya da hansısa ucqar rayondan Milli Məclis üzvlüyünə iddia etmək istəyən şəxsə Dairə Seçki Komissiyasında belə tələb irəli sürülür; o, bu sənədləri əldə eləmək üçün Bakıya qayıtmaq məcburiyyətində qalır. Bütün bunlar qanunsuz, süni əngəllərdir. Bəzi dairələrdə qanundan, təlimatdan baş çıxarmayan komissiya üzvləri gərginlik yaradır. Mən partiya üzvləri ilə bərabər 6 DSK-da olub problemlərlə yaxından tanış olmuşam. DSK üzvlərindən “bu sənədləri hansı əsasla tələb edirsiniz”, - soruşanda onlar faktiki olaraq cavab verə bilmirlər. Bu tələblər seçki prosesinin birinci mərhələsinin süni surətdə uzadılması deməkdir. Belə bir süründürməçiliyin məqsədini anlamaq mümkün deyil”.
Pənah Hüseyn deyir ki, qanunsuz tələblər irəli sürülməyən və prosesin normal keçdiyi dairələrdə iddia irəli sürən “Azadlıq-2015” seçki blokunun üzvləri artıq imza vərəqələrini alaraq seçicilərlə işə başlayıblar./Musvat.com/