|
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının başqanı Arif Hacılının ittihamlarını əsassız adlandırıb.
Qeyd edək ki, A. Hacılı hazırda Azərbaycan Xalq Cəbhəsinin (AXC) törəmələri olan təşkilatlarda seçkilərin açıq səsvermə yolu ilə keçirilməsi təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, AXC yarananda müəyyən olunan qaydalara görə, təşkilata bütün seçkilər gizli səsvermə yolu ilə keçirilsə də, hazırda bundan imtina edilib.
M. Mirəlioğlu isə APA-ya açıqlamasında bu fikirlə razılaşmayıb: “İstənilən təşkilatın ən ali orqanı qurultaydır. Qurultay seçkilərin Nizamnaməyə əsasən açıq və ya gizli keçirilməsi barədə qərar verir”.
O qeyd edib ki, AXC-nin tarixində yalnız bir dəfə Əbülfəz Elçibəyin də qatıldığı sədr seçkisində gizli səsvermə olub, o da alternativ namizəd olduğuna görə baş verib: “Bu baxımdan məsələyə bilərəkdən və ya bilməyərəkdən bu cür münasibət göstərmək lazım deyil. KXCP-nin qurultayına bu qədər diqqət ayırdıqlarına, dəvətimizə baxmayaraq, gəlmədiklərinə görə də təşəkkür edirəm”.
Xatırladaq ki, avqustun 1-də KXCP-nin III qurultayı keçirilib. Qurultayda sədrliyə və digər orqanlara seçkilər açıq səsvermə yolu ilə keçirilib.