|
ADP sədri Sərdar Cəlaloğlu bugünlərdə apa-ya açıqlamasında I Avropa Oyunları ərəfəsində Milli Şuranın keçirdiyi aksiyaların anti-Azərbaycan qüvvələrinin maraqlarına cavab verdiyini, iqtidardan daha çox xalqınəleyhinə yönəldiyini vurğulayıb.
Maraqlıdır, doğrudanmı I Avropa Oyunları ərəfəsində bu cür aksiyaların keçirilməsi ölkə maraqlarına ziddir və daha çox xalqın mənafeyinə zərbə vurur?
Bununla bağlı Moderator.az-a açıqlama verən VİP sədri Əli Əliyev S.Cəlaloğlunun fikirlərinə şərik olduğunu bildirib:
"I Avropa Oyunları ilə bağlı mətbuatda, eləcə də Moderator.az saytında mənim geniş açıqlamam gedib. Qeyd etmişəm ki, geniş smeta tutumlu tədbirlər bir qayda olaraq avtoritar rejimlər tərəfindən həyata keçirilir. Həm 1918-ci ildə Rusiyada, həm də Qətərdə 22-ci ildə keçirilməsi planlaşdırılan dünya çempionatları qərarı zamanı korrupsiya faktları aşkar edilib.
Azərbaycan bu kimi tədbirlərdən yayınmalıdır. Lakin indiki mərhələdə, yəni Avropa Oyunlarının astanasında olduğumuz, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir zamanda fərqli mövqe nümayiş etdirmək ölkəmizin mənafeyinə ziddir. Çünki bu, ilk növbədə Azərbaycan xalqının dünyaya təqdimatıdır. Biz müxalifət olaraq hakimiyyətə münasibətimizi indiki halda kənara qoymalıyıq. Bu baxımdan mən Sərdar bəyin mövqeyini bölüşürəm və hesab edirəm ki, siyasi məsuliyyətli təşkilatlar indiki məqamda daxili siyasi qovğaları səngitməlidir. Bu mənada I Avropa Oyunları başa çatana qədər kütləvi etiraz aksiyalarının keçirilməsi məqsədəuyğun deyil. Kimlərsə bu hadisələrdən siyasi divident qazanmaq istəyə bilər. Lakin mən siyasi təşkilatların daha məsuliyyətli davranmasının tərəfdarıyam. Bununla yanaşı qeyd edirəm ki, kütləvi aksiyalar keçirmək siyasi partiya və təşkilatların konstitusyon hüququdur. Bu baxımdan onlar bu hüquqdan istifadə etmək səlahiyyətinə də malikdirlər".