|
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid etməkdə davam edir. “Baxın, burada iki variant mümkündür: Ya Avropa Şurasında idiotlar oturur və separatçılar, narkomanlar, intihar edənlər və inqilabçılarla əməkdaşlıq edir, ya da Azərbaycanın hüquq sisteminin vəziyyəti çox pisdir. Mən sizi əmin edə bilərəm ki, biz idiot deyilik”, - N.Mujnieks vurğulayıb.
Hüquq müdafiəçsi Arzu Abdullayeva Deyerler.org-a fikilərini bölüşərkən deyib ki, Avropa Komissarının bu cür sərt ifadələr işlətməyinə bir neçə məsələ səbəb ola bilər:“Azərbaycanda Avropa Oyunları yaxınlaşmağına baxmayaraq heç bir müsbət proseslər müşahidə olunmur. Azərbaycan qapalı bir ölkə deyil. Hər hansı bir ölkədə nə baş verirsə o dəqiqə hər şey məlum olur. Xəbərlər dünyada çox sürətlə yayılır. Bundan ötrü bəzən hüquq müdafiəçilərinin, müxalifətin rolu olmur. Avropa təşkilatlarının məlumat alma mənbələri çox genişdir. Amma təəssüflər olsun ki, verilən məlumatlar çox genişdir. Eyni zamanda proseslər yaxşılığa doğru nələrinsə baş verə biləcəyini düşünməyə əsas vermir. Məsələn, İlqar Məmmədovun karserə salınması çox narahat edici bir faktdır. Ölkədə olan ictimaiyyət və dünyada olan bir çox təşkilatlar İ.Məmmədovun necə dəyərli bir insan olduğunu anlayır. Digər həbs olunanlarla bağlı da eyni vəziyyət hökm sürür. Sadəcə ölkəmizin durumu ilə bağlı xəcalət çəkirik. Axı bizim millət ən pis millət deyil ki, aqibətimiz bu cür olsun. Bu qədər milli sərvəti olan ölkə belə yaşamamalıdır. Ölkədə istehlak qiymətləri çox yuxarıdır. Azərbaycana gələn nümayəndələr sadəcə təəccüb edirlər ki, bu maaşla, bu qiymətlərlə necə dolanmaq olar? Bütün bunlar verilə biləcək suallardandır. Bu kimi məsələlər Avropa komissarını sərt danışmağa vadar edib”.