|
“Mənim AXCP-də əsas qayəm partiyanın gəncləşməsi idi. Ümumiyyətlə hesab edirəm ki, bir çox siyasi partiyalarda gəncləşmə olmalıdır. Köhnə nəsil getməlidir. Bu gün biz tənqid ediriksə, özümüz də həmin tənqiddən irəli gələn müddəalara cavab verməliyik. AXCP isə bu tələbələrə cavab vermir”.
Bu fikirləri AXCP-dən istefa verən keçmiş sədr müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sabiq cəbhəçi qeyd edib ki, Əli Kərimlinin məqsədi müxalifətdə birinci olmaqdır. Bu isə düzgün yol deyil. Amma həmişə belə siyasət aparıb və bundan doymayıb, doymayacaq da.
“Əli Kərimli məni evinə dəvət elədi. Ağır söhbətimiz oldu. O mənə şok yaşatdı. Məni şantaj etdi. Mənə dedi ki, sən hakimiyyətə işləyirsən, onlar səni maliyyələşdirir, hakimiyyətdə dostların var. O qeyd etdi ki, onda olan məlumatlar o qədər ciddi faktdır ki, mənim satqın olduğuma inanıb. Britaniya və Amerika səfirliyi məni dinləyib və satqın olduğumu deyib. Belə çıxır ki, Britaniya və Amerika səfirliyində ölkəni dinləyən qurumlar var. Mən çox təəccübləndim. Azərbaycanda elə səfirlik yoxdur ki, mənim onlarla görüşüm olmasın. Diplomatik qaydaya görə danışılanlar aramızda qalır. Belə çıxdı ki, onlar dinləyib, həmin görüşlər barədə Əli Kərimliyə məlumat verib”-deyə R.Nurullayev bildirib.
Razi Nurullayev çıxışında Əli Kərimlinin özünün satqın olduğunu deyib:
"Məni şoka salan növbəti söz bu oldu ki, sən gedən yolu mən qayıdıram. Loru ildə desək belə çıxır ki, mənim hakimiyyətə satılma yolumu Əli Ərimli artıq geri qayıdır. O bildirdi ki, onun hakimiyyətdə işlədiyi adamlar var və mənimlə bağlı Əli Kərimliyə yazılı məlumatlar veriblər. Mən heç bir yolu getmirəm. Deməli belə çıxır ki, Əli Kərimli özü hakimiyyətə satılıb. Onun müəyyən maliyyəsi, müəyyən biznes strukturları vasitəsilə hakimiyyətdən gəlir. Bunu bu cür qəbul etməyə razılıq verib. Birbaşa hakimiyyətdən almır. Bunu Əli Kərimli özü deyib, təkzib edə bilməz. Təkzib etsə, mənim bunu sübut etməyə gücüm çatar”.
R.Nurullayev qeyd edib ki, Əli Kərimli ona susmağı təklif edib: “Qeyd etdi ki, susum, yoxsa məni Facebookda biabır edib nüfuzdan salarlar. Siz də araşdırın, mən istefa bəyanatımı yayana qədər Facebookda cəhbəçilər tərəfindən ünvanıma heç bir fikir səslənməyib. Çünki onlar mənim susacağımı gözləyirdilər. Partiyada təmiz, saf qəlblivə lider olmağa layiq insnalar var. Cəbhəçilərə müraciət edirəm ki, Əli Kərimli o partiyada qaldıqca heç bir irəliləyiş olmayacaq. Hesab edirəm ki, Əli Kərimli siyasi mədəniyyət göstərib qurultayda partiya sədrliyindən geri çəkilməli idi”.
R.Nurullayev yeni siyasi təşkilat yaradacağını bəyan edib:
“Mən siyasətdən getmirəm, siyasi fəaliyyətimi davam etdirəcəm. Əvvəlkindən 100 qat aktiv olacam və siyasi təşkilat yaratmaq fikrim var. Bunun detalları ilə bağlı mətbuata əlavə açıqlama verəcəm”.