|
"Bir qrup maaş alan var, adlarını müxalifətçi qoyublar. Düşüblər maaş almayan müxalifətçilərin üstünə ki, biz deyən olmalıdır"
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müşaviri Şakir Abbasov istefasının səbəblərinə geniş aydınlıq gətirib. O, AXCP funksionerlərinin barəsində səsləndirdiyi fikirlərə də münasibətini açıqlayıb.
Qeyd edək ki, partiyanın təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirov deyib ki, Şakir Abbasov partiyanın Xəzər rayonunda keçirilən Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi üzvlüyünə keçirilən seçkilərdə uduzduğunu qəbul edə bilməyib və acıq edib partiyadan ayrılıb. “Elçibəyi ən çox AXCP-də təhqir edirdilər”
Milli Azadlıq Hərəkatının fəallarından olan Şakir Abbasov bu sözlərə sərt reaksiya verib: “Adamın üstündə Allah var. Quran gətirib and içsin ki, seçkidə uduzmuşam. Adamda gərək kişi xasiyyəti olar. Niyə indi bu camaatı aldadırlar? Rafiqə belə yalan danışmaq yaraşmır. Mən neçə ildir deyirəm ki, düz yolda deyilsiniz. Əli Kərimli ilə aramızda çox söhbətlər olub, ona və ətrafına söyləyirdim ki, qayıdın özünüzə. Bir neçə ay bundan öncə demişəm ki, bu millətin ağlı yoxdur, bizi Xəzərə kürüyüb tökmür. Bir gün millət üstümüzə hücum edəcək. 21 ildir sürünürük, bacarmırıq qırağa çəkilək. Yoxsa, hər şeyi zamanın öhdəsinə buraxmışıq. Kim dünyanı tutub gedəcək? Bunlar deyir özümə yer tapmışam, kənar adamı buraxmaram. Mən kənar adamam?
Mən 1989-cu il 16 iyunda AXC-nin təsis konfransında iştirak edənlərdən, Əbülfəz Elçibəyin əsl silahdaşlarından biri olmuşam. Amma bu gün Elçibəyin ünvanına ən çox təhqiramiz sözlər AXCP adında Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bir təşkilatda gedir. Deyirəm bu Əbülfəz Elçibəyin yaratdığı partiyadır, niyə qonaq gələndə şəklini göydən asırsınız, amma öz aranızda nələr danışırsınız. Aramızda belə situasiyalarda çox mübahisə düşüb. Söylədilər ki, biz deyən olmalıdır, mən də dedim ki, elədirsə, mən sizinlə yan-yana getmirəm. Siz o yolla gedin, mən də millətimin yolunda gedəcəyəm. Yığışıb bir qrup adam müxalifətdə olan uşaqların üstünə düşüblər. Hərəsini bir cür aldadırlar. Mübarizə aparırıqsa, kişi kimi aparaq. Məndən qabaq 3 müşavir, 2 müavin gedib. Onlar niyə susur? Onların da hərəsinə bir söz qoşublar. Deməli, hamı pisdir özləri düzdür? Güzgüyə baxsınlar. Sabah bir başqası partiyadan gedəndə onlara nə qoşacaqlar? Şakir Abbasov onlara əyilmədi, sınmadı.
Dedilər biz deyənlə oturub durmalısan, biət etməlisən, mən də dedim etmirəm, siz kimsiniz?”
“Bir qrup maaş alan var, adlarını müxalifətçi qoyublar”
Ş.Abbasov hələ AXCP sıralarında olanda onu müsavatçı olmaqda ittiham etdiklərini söylədi:
“Soruşuram ki, bura Əbülfəz Elçibəyin partiyasıdır, niyə özəlləşdirmisiniz? Biri xaricə adam keçirməklə, biri pul qoparmaqla məşğuldur. Məni srağagün İsa Qəmbərin adamı adlandırırdılar. Müsavat kimdir, siz kimsiniz? Əgər hər ikiniz müxalifət partiyası adını daşıyırsınızsa, millətin halına yanmaqdan bir-birinizin üstünə düşmüsünüz. Mən onların tayı olmamışam, 5 il müharibədə vuruşmuşam. Bu gün millətimin xatirinə susmayacağam. Özlərinə də demişəm açacağam sandığı tökəcəyəm pambığı. Görüm siz kimsiniz, millətə nə etmisiniz. Yenə mən pisdən-yaxşıdan vuruşmuşam, erməniyə 1 metr torpaq da verməmişəm. Nə işlərlə məşğul olduqlarını bir Allah, bir də özləri bilir. Müxalifət kimi müxalifət olmaq istəyirsinizsə, gəlin olaq.
Bir qrup maaş alan var, adlarını müxalifətçi qoyublar. Düşüblər maaş almayan müxalifətçilərin üstünə ki, biz deyən olmalıdır. Hərəsi öz şəxsi mənafeləri uğrunda mübarizə aparırlar. Deyirəm niyə “Azadlıq” qəzetini istismar etmisiniz, qəzetin müstəqil olmasına imkan vermirsiniz, müxalifətdə o qədər sıravi üzvləri var, o qəzetdə çıxış edə bilmir? Qəzet 3-4 nəfər üçündür, ancaq onlar söz deməlidir”. Keçmiş müşavir iddia edib ki, AXCP sədri Əli Kərimli yan-yörəsindən açıq şəkildə qorxduğundan səsini çıxara bilmir: “Mənsə, onlardan qorxmuram. Kim onlara biət etmir, ətraflarından uzaqlaşdırırlar. Deyirlər ki, Şakir Abbasov müşavir deyil, sual edirəm nəyiniz məndən artıqdır, siz müavin ola bilirsiniz, mən müşavir ola bilmirəm? Bəlkə düşmən qabağına çıxmısınız, mənim kimi meydanda çıxıb hayqırmısınız?”
“Millət qışqıranlar “Jeep”də gəzir”
O, AXCP üzvlərinin bahalı maşınlarda gəzdiyini və mülklərə sahib olduqlarını söyləyib: “Mən sıravi vətəndaş kimi yaşayıram, ictimai nəqliyyatdan istifadə edirəm, dinə inanan adamam. 23 ildir Şüvəlanda bir daxmam var, orada yaşayıram, qapımda da balaca dükanım var, ali təhsilli həyat yoldaşım “Bakuş” satır. Amma bu gün tribunadan bar-bar çığırıb, millət deyənlərin hərəsinin altında “Jeep” var, mülklərdə yaşayırlar. Milləti aldatmayın, kişisiniz, qeyrətiniz olsun, bacarmırsınızsa, çəkilin durun kənarda. Bu gün Amerikadan Consonu gözləyirlər. 2003-cü ildə ABŞ səfirinin qarşısında demişəm ki, Amerikanın ayağı bu torpağa dəyəndən millət acdı.
Biri gedir Fransada oturub qurbağa yeyir, oradan mənə əmr verir, burdakı qəzeti idarə edir. Ayıbdır, olmaz axı belə. Ürəyim ağrıyır bu şeylərə. Mən də qoşulub onların cərgəsində durardım, deyərdim siz deyəndir, mənə də qəpik-quruş verin. Mən ayrılmağımı şəxsi motiv adlandıranlar başqalarının arxasından min söz qoşublar”. Ş.Abbasovun sözlərinə görə, qurultaya kimi AXCP-nin daxilində çox böyük narazılıq olacaq: “Müşavirlər, İdarə Heyətindəkilər narazıdır. Vaxtilə Milli Şuraya dürtdükləri adamlar arasında əməlli başlı oyun gedir. Mən də bu oyunu açıram. Məndən qabaq gedən müşavirlərə üzümü tuturam niyə qorxursunuz, axı millət yazıqdır”. Qeyd edək ki, Ş.Abbasov AXCP-nin rəhbərliyində təmsil olunan yeganə AXC qurucularından biri idi.