|
"Biz Rusiya qəhrəmanı Əhməd Kadırovun tapşırdığı kimi Allah və onun Peyğəmbərinin yolundayıq"
Özlərini “İslam Dövləti” adlandıran Suriyadan olan terrorçular uşaq təhdidi ilə Çeçenistan və Qafqazda müharibə aparacaqlarını deyiblər. Onlar sahibləri olan Qərb xüsusi xidmət orqanlarının öyrətdiyi dillə danışırlar.
Teleqraf.az Axar.az-istinadən xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İŞİD terrorçularının Çeçenistan və Qazqazda müharibəyə başlayacaqları ilə bağlı səsləndirdikləri bəyanata cavab olaraq deyib.
“Bu şərəfsizlərin İslama heç bir aidiyyəti yoxdur. Onlar dünya müsəlmanlarının açıq düşmənləridir. Bu sadəlövhlər Çeçenistan və Rusiyanı cəmi iki təyyarə ilə təhdid ediblər. Onlar iki min təyyarəyə otura bilərlər, lakin Rusiyaya uça bilməzlər”, - Kadırov deyib.
Kadırov bildirib ki, Rusiya və onun prezidenti Putini təhdid edən kəs yerindəcə cəzalandırılacaq:
“Biz onun təyyarəyə oturmasını gözləməyəcəyik. Onlar terrorçu qardaşları Xəttab, Əbu Vahid və Qərbin göndərdikləri digərlərinin gömüldüyü yerə göndəriləcəklər. Məhz biz Rusiya qəhrəmanı Əhməd Kadırovun tapşırdığı kimi Allah və onun Peyğəmbərinin yolundayıq. Biz onları tamamilə məhv etdik, halbuki onların sayı minlərlə hesablanırdı. Mən bizim ölkəyə qarşı hiylə işlətməyə çalışanlara xatırlatmaq istəyirəm ki, Rusiyanın hər bir əmri yerinə yetirməyə, düşmənin boynunu sındırmağa layiq oğulları var”.