|
Tərlan Şıxlı
Gecə saat 12-yə qalırdı. Çoxdandır Bakıda belə yağış yağmamışdı.
***
Pərvanə çarəsiz halda pəncərədən baxır, arabir əllərini göyə qaldırıb Allaha dua edirdi.
Yağan güclü yağış sanki, onun otaqda gözlərindən tökülən göz yaşlarına həmrəylik nümayiş etdirirdi. Hərdən şiddətlə guruldayan göy gurultusu isə sanki, bu məsum qızın içindəki fəryadına qarşılıq verirdi.
Ağlamaqdan gözləri şişmiş, üzü bəmbəyaz olmuşdu.
Valideynlərinin onu sevmədiyi bir insana ərə verəcəyi ilə heç cür barışa bilmirdi. Dəfələrlə ata-anasına diz çöküb yalvarsa da, onlar zavallı qızı dinləməmiş, “Bu toy olacaq, vəssalam!”- demişdilər.
Toya isə cəmi 1 gün qalırdı...
***
Pərvanənin on yeddi yaşı təzəcə tamam olmuşdu. Universitetin birinci kurs tələbəsi idi. Gələcəyi ilə bağlı öz arzuları, öz planları vardı. O, həyatının gözəl bir dövrünü, tələbəlik illərini ailə həyatı ilə əvəzləmək istəmirdi. Özü də heç sevmədiyi birinə görə. Ona görə bu evlilik ona ölümdən betər görünürdü.
Divardan asılmış saatın əqrəbləri irəli doğru hərəkət etdikcə , o, heç nəyin dəyişməyəcəyinə əmin olurdu. Ölən son ümidləri onu beynində qərarlaşdırdığı dəhşətli əmələ daha da yaxınlaşdırırdı. Halbuki, son anacan o bir möcüzə gözləyirdi. Ürəyində kiçik bir ümid vardı. Nəyinsə baş verəcəyinə, kiminsə onu xilas edəcəyinə inanırdı.
Amma artıq son ümidləri də tükənib bitmişdi.
***
Gecə saat iki idi.
Qələmi götürüb son sözlərini yazdı. Məktubu yatağının üzərinə qoyub pəncərəyə yaxınlaşdı. Pəncərəni açıb özünü aşağı atmağa hazırlaşırdı. Əllərini açıb son dəfə ətrafa baxdı.
Elə bu vaxt qarşıdakı binanın dördüncü mərtəbəsinin balkonundan kiminsə düz ona baxaraq, əllərini havaya qaldırdığını, yerində atılıb-düşdüyünü gördü.
Təəccübdən gözləri hədəqəsindən çıxan qız diqqətlə bu naməlum şəxsə baxmağa başladı. O, əlindəki fənəri Pərvanənin üzünə tutdu. Sonra fənəri öz əlinə tutub aşağı istiqaməti göstərdi.
Pərvanə yerində donub qalmışdı. Təəccüb və maraq hissi ilə tanımadığı bu qəribə adamı izləyirdi. Bir göz qırpımında bu naməlum şəxs gözdən itdi. Və heç iki dəqiqə keçmədən əlində yanan fənərlə həyətdə göründü. Əllərini yelləyib Pərvanəni də ora çağırırdı.
Aman Allah! Axı nə baş verir? Kimdir bu adam? deyib pəncərədən otağına düşdü. Paltosunu əyninə keçirib, otaqdan çıxdı. Astaca evin qapısını açıb qapını arxasınca bağladı. Sürətlə pilləkənlərdən enməyə başladı.
Bütün bunlar Pərvanəyə bir möcüzə kimi görünürdü. Bəlkə də o elə bu möcüzənin baş verəcəyini gözləyirdi.
Pilləkənlərdən endikcə içində qəribə hislər yaranır, sanki qəlbindəki ağrılar azalır, rahatlaşırdı.Axı bu naməlum şəxs kim idi? Tez küçəyə çatıb, onu görməyə tələsirdi.
Budur, artıq o həyətdə idi. Yağan güclü yağış onun gözlərini qapadır, ətrafı görməsinə mane olurdu.Əllərini alnına tutaraq, ətrafa baxdı. Bəs hanı, o?
Elə bu an uca boylu, üstü-başı su olmuş bir gənc oğlan onun qarşısında peyda oldu. Pərvanənin əllərindən tutub bir az titrək səslə: Mən sizi xilas etmək üçün gəldim.- dedi.
Sevincdən və təəccübdən gözləri dolmuş zavallı qız məsum baxışlarla tanımadığı oğlanın üzünə baxır, sanki titrəyən qəlbini bu naməlum qəhrəmanına təslim etməyə hazırlaşırdı.
***
Elə bu an güclü şimşək çaxdı.
Pərvanə suyun içində yerindən dik atıldı. Bu su yağışın suyu deyildi. Yuxunun təsirindən tərləmişdi.
Sabah baş tutacaq toya görə neçə gecədir ağlamış, günlərdir yatmamışdı. Və nəhayət çıxış yolunu ölümdə
görmüşdü. Özünü pəncərədən atmağa hazırlaşarkən vida məktubu yazmağa qərar vermiş, elə həmin ərəfədə də hiss etmədən yuxuya getmişdi.
Hər şey yuxu idi. Amma bu yuxu ona çox təsir etmişdi. Vaxtsız gələn yuxu onu ölümdən xilas etmişdi. O, daha ölmək istəmirdi.
Gözlərindən yenə yaş damlaları süzülüb axmağa başladı. Hələ də əlində qalmış, əzilmiş kağız parçasını əlinin içində sıxıb kənara atdı.
Qarşıda isə onu necə ailə həyatı gözləyirdi. Bilmirdi...
Qeyd: Bu yazı ERKƏN NİKAHLARA YOX DEYƏK kompaniyası çərçivəsində yazılmışdır.