|
Zəlimxan Məmmədli
Dmanisoba gürcü millətinin Dmanisidə keçirdikləri bayramıdır. Analoji Tbilisoba, Qax rayonunda gürcü həmvətənlərimizin keçirdiyi Geogioba da gürcü millətinin milli mədəniyyətinin nümayiş olunduğu bayramdır. Bu bayramlarda zaman -zaman iştirak etmiş, dost gürcü millətinin sevincinə şərik olmuşam.
Gürcüstanda 2009-cu ildən, hər il iyul ayının 26-da Dmanisinin Pantiani(Armudlu) yaylasında əsası Borçalı İctimai Cəmiyyəti tərəfindən qoyulan "Borçalı Türklərinin Elat Mədəniyyəti günü - ELAT bayramı Gürcüstana Vətən deyib orada yaşayan soydaşlarımızın milli mədəni özəlliyinin nümayiş olunduğu bayramdır.
Dmanisobanın mahiyyəti qorunduğu kimi Elat bayramı da toxunulmazdır.300000 min kompakt yaşayan soydaşımızın milli, dini, kultütəl özəllikləri var, onu mühafizə etmək və inkişaf etdirmək də onun haqqıdır.
Mədəniyyət təcavüzkar, aqressiv, dağıdıcı, bölücü ola bilməz. Çünki bu dəyər kiminsə icadı yox, Allahın topluma rəva gördüyü ruhani, toxunulmaz dəyərdir. Gürcü xalqı bu sadə həqiqəti bilir və zəngin mədəniyyət daşıyıcısı olan gürcülər ona dost olan bir başqa millətin, konkret halda Borçalı türklərinin (azərbaycan türklərinin) mədəniyyətinin zənginliyinə, onu nümayiş etdirmək haqqına ehtiramlı olmağa borcludurlar. İnanıram ki, belə də olacaq.
Bu gün gürcü-türk dostluğunu istəməyən, Gürcüstan -Azərbaycan-Türkiyə strateji partnyorluğunu arzulamayan qüvvələrin fəallığl sezilməkdədir. Fitnə - fəsad cəhdləri var. Borçalı Türklərinin varlığını, mədəniyyətinin zənginliyini inkar etməyə və ya görməzliyə vuran siyasi dəllalar müqəddəs dostluq və qardaşlıq bayramı olan, artık geniş coğrafiyalara səs salmış ELAT bayramını mahiyyətdən çıxarmağa, toplumun mənəvi dünyasına müdaxilə kimi arzuolunmaz addımlar atmağa meylləniblər. Olmaz.
"Borçalı" İctimai Cəmiyyəti hər zaman Gürcüstan siyasi hakimiyyətlərini soydaşımızın adı ilə bağlı bu tədbirə sahib durmağı təkid edir, düşünürük ki, milli Gürcüstan oz həmvətənləri olan soydaşımızın mədəniyyətinə qucaq açmalıdır.
İnanırıq ki, məhz 26 iyulda Gürcüstan siyasi hakimiyyəti Borçalı İctimai Cəmiyyəti ilə ortaq mövqeni bölüşəcək, çəkici bir yerə vuracaq, dostları sevindirib, düşmənləri məyus edəcəklər.
Zəlimxan Məmmədli, "Borçalı" Cəmiyyətinin sədri