|
Faiq Yusifoğlu
Yenə naftalin iyi verənlər düşüblər ortalığa. Başqa siyasi partiyaların da fəaliyyəti görsənmədiyinə görə naftalin iyi basıb aləmi. Doğrusuna-yalanına baxmadan nə gəldi danışırlar. Hədəfləri də Elçibəy. Amma stil eynidir. Srağagün Şah babamız Xətaiyə, dünən Rəsulzadəyə və bu gün Elçibəyə atılan çamurlar, daha doğrusu çamur atanlar eyni mərkəzdən idarə olunduğu görsənir. Elçibəyə çamur atanların kimliyinə baxanda adamın lap ürəyi bulanır. İlk gündən onunla bir yerdə gəlib sonra onun uğurlarını görən kimi paxılliq hisslərini gizlədə bilməyənlər. Rusiya və İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edənlər. Üsyançılarla, qeyri sağlam müxalifətlə iş birliyində olub Milli Elçibəy hakimiyyətinə qarşı çıxanlar. Milli hökumətin yıxılmasında canfəşanlıq edərək əslində millətə xəyanət edənlər. Bunlar nə üzlə də çıxıb deyirlər filankəs filan edib? Kişilik məsələsin bir kənara qoyaq. Adamlıqdan da keçib. Yəni heç nə qalmayıbmı?
Əslində bunlara cavab vermək də istəmirdim. Cavab vermək belə bunları şərəfləndirmək olar. Amma dünən dostlarımızdan birinin də bunlarla nələrisə müzakirə etdiyini eşidəndə yazmaya bilmədim. Az da olsa həqiqətə töhvəmiz olar deyə düşündüm. “Rus ordusunu Azərbaycandan Elçibəy çıxartmayıb”. Hansı dərrakədə olmalısan, İçində nə qədər kibr olmalıdır ki bu iddiaya düşəsən? Rus ordusu Azərbaycandan ən azından Elçibəy hakimiyyəti zamanı çıxarılıb. Bunu ki, danmaq olmaz.
Elçibəy Yeltsinlə təkbətək görüşür. Bəyin yanında Yeltsin o vaxtkı müdafiə naziri Qraçova zəng vurur. –Ordunu Azərbaycandan çıxart. Elçibəy Yeltsinin yanından çıxanda qəbul otağında Qraçovu görür. Qraçov qaça-qaça özünü çatdırıb ki bu nə məsələdi. Elçibəy kinayə ilə ona gülümsəyir.
– Get ordunu çıxart.
– Ordu çıxsa hakimiyyətindən keçməli olacaqsan.
– Başımdan da keçərəm. Sən ordunu çıxart.
Bu hadisə bu günədək müzakirə olunur. Necə oldu ki Elçibəy buna nail oldu? Qonşu Gürcüstanda Qamsaxurdiya da, ondan sonra Şvernadze də kəskin mövqelərinə baxmayaraq uzun illər buna nail ola bilmədilər? Elçibəy buna xüsusi önəm verirdi. “Müstəqilliyin birinci şərti onu elan etmək, ikinci şərti ərazində başqa dövlətin ordusunun olmamasıdır. Olacaqsa yarımmüstəqil olacaqsan” ... Meydanda oturub- durmaq məsələsi çox müzakirə olunur. Əslini astarını bilən də danışır, bilməyən də. Hərə də öz bildiyi kimi danışır. Əminəm ki o vaxtkı meydan “qəhrəmanı”mız bunun səbəbini bilir. Amma niyə doğru düzgün danışmır onu bilmirəm. Bəlkə də bilmir. Bilmirsə deməli o vaxt onu adam yerinə qoyan olmayıb. Yəni meydanı onsuz idarə ediblər.
Meydana bir milyondan çox adam toplaşır. Bunun nə qədər məsuliyyətli olduğunu anlayanlar təxribat törədilməsindən ehtiyat edirlər. Elçibəy dostlarına deyir ki, elmlər akademiyasında (bəlkə də BDU-da) bir nəfər var (adını unutmuşam). Sovet dövründə “kütlə psixologiyasının idarə olunması” mövzusunda elmi iş yazıb. Sonra həmin işi Moskvaya aparıb itiriblər. Gedin onu gətirin. Həmin adamı tapıb meydana gətirirlər. Bəy vəziyyəti anladır. Yaşlı kişi tribunadan meydanı süzür. Qayıdır ki – Otuzdurun onları yerə. O vaxt da tribunada Nemət olduğundan ona deyirlər milləti otuzdur. Oturmayanda təhqirə keçib. “Oturmayan ermənidir” və s. Kütləni idarə etmək, təxribatçıları yaxalamaq üçün oturmaq lazım imiş. Amma bunu heç kim öz başından etməyib. Bəyin istəyi ilə və ora gətirilən adını unutduğumuz ziyalının göstərişi ilə olub.
Meydan hərəkati dövründə özlərini gözə soxmadan o hərəkatı idarə edənlər var idi. Yoxsa meydan hərəkatı o qədər təzyiq altında elə yüksək səviyyədə davam edə bilməzdi. Bir də təbii ki bu günkü kimi gözü özlərindən başqa kimsəni görə bilməyən liderlər var idi.
Meydanı kimin idarə etməsinin sübutu olaraq daha bir epizodu xatırlatmaq istəyirəm. Meydan hərəkatı vaxtı şayiələr yayırdılar ki camaatı meydana yığıb evləri oğurlayacaqlar. liderlər də evə getmirdilər. Abşeron otelində dincəlir, müzakirə aparır, məsləhətləşirdilər. Gecənin bir yarısı bir nəfər layka plaş geymiş gənc oğlan otele yaxınlaşır və Elçibəylə görüşmək istədiyini bildirir. Ona deyirlər ki, Bəy təzə gəlib. Dincəlir. - Bəyə deyərsiz ki, nə qədər ki meydanda mitinqlər gedir Bakıda bir dənə də oğurluq olmayacaq. Deyir və çönüb gedir…