|
Səxavət Tağlar
Əsədin 18 yaşı yenicə tamam olmuşdu. Hərbi xidmətə getmək vaxtıydı. Əslində çağırış vərəqi gəlmişdi. Gedəcəyi günü gözləyirdi. Vaxt daraldıqca ürəyinə hakim kəsilən sevgisini anasına demək üçün məqam gözləyirdi. Anası Tükəz sanki bunu duymuşdu. Odur ki, oğlundan soruşdu:
─Bala, bulaq başına nə tez-tez gedirsən?
Əsəd utana –utana:
─Anacan, nə gizlədim e...
─De, canım- gözüm.
─Sevirəm!
Bir anlıq sükut yarandı. Ana fikirə daldı. “Kaş oğlum bulaq başında mənə kömək edən o qızı ─Nazlını sevəydi” Nazlının hərəkətləri, davranışı, insanlara münasibəti, gözəlliyi, səliqə-səhmanı Tükəz ananı özünə valeh etmişdi. Bir dəfə də ona demişdi ki, Əsəd hərbi xidmətə gedərkən təşkil edəcəyiniz ziyafətdə köməkçin olacam, qonaqlara qulluq göstərəcəm. Kənddə adət halı alıb , kim əsgərliyə gedir və yaxud əsgərlikdən gəlirsə dost-tanış, qohum-əqraba, sinif yoldaşları üçün süfrə açılar.
Sükutu ana pozdu:
─Qurban olum, ay Əsəd! Hərbi xidmətə getdiyin yerdə nə sevgi? Xidmətini çək,sonra adət-ənənəmizlə nişan, toy olsun.
Əsəd artıq məsələni açmışdı. Ona görə bir az da qabağa getdi:
─Ana, niyə soruşmursan kimi sevirsən?
─Ay bala, kimi sevirsən?
─Sən tap?
─Bıy , başıma xeyir, mən nə bilim...
─Sənin dilinlə danışır ey o...
─O, kimdir?
─Fikirləş, gör səncə kim olar?
─Onu bilirəm ki, buboyda kənddə qəlbimə yatan, ürəyimi çəkən bir qız var, təki onu sevəsən.
─Ana, mən Nazlını ...
Ana sevincək oğlunu qucaqlayıb bağrına basdı və öpüb:
─Nə gözəl! Nə gözəl! ─dedi.
Həmin axşam Əsədə bir rahatçılıq gəldi. İçində alovlanan sevgisini anasına bəyan etmişdi. Anası isə bu sevgiyə, bu məhəbbətə şərik çıxmışdı. Odur ki, qonşu otağa keçib öz sevincini, öz rahatçılığını telfonda Nazlı ilə bölüşdü:
─ Alo... Əsədəm!
─Hə, Əsəd! Necəsən?
─Nazlı muştuluğumu ver
─Nə muştuluq?
─Xəbərin var?
─...Nə xəbər, nə muştuluq...
─Anam da səni sevirmiş, mənə yalnız səni yaraşdırırmış...
─Anana bildirdin?
─Bildirdin nədi, razılığını da aldım.
─Tükəz xalaya demişdim ki, Əsəd xidmətə gedəndə onun qonaqlarına qulluq edəcəm. Məsələni açdın. Daha mən sizə gedən deyiləm.
Əsədin əli çalıb, ayağı oynayırdı. Anasını dilə tutdu ki, nişan olsun. Sonra arxayın hərbi xidmətə getsin.
...El adəti ilə nişan keçirildi. Saylı günlər qalırdı ki, Əsəd hərbi xidmətə başlasın. Yalnız indi o, Nazlı ilə gizlində yox, açıq-aşkar sevgi macəraları yaşayıb, ailə həyatının planlaşdırılması barədə fikir mübadiləsi aparırdı. Hər ikisi internetdə on sualdan ibarət test blankını cavablandirmışdı.
Ən müqəddəs kitab?
hər ikisi: ─ Qurani-Kərim.
Ən çox sevdiyin rəng?
Əsəd: ─ qırmızı
Nazlı: ─ağ
Xoşuna gələn fəsil?
Əsəd: ─ qış
Nazlı: ─ yaz
Sevdiyin təbiət hadisəsi?
Əsəd: ─ ilk qarın yağması
Nazlı: ─ bahar ətirinin duyulması, yazın gəlməsi. Novruz çiçəkləri.
Ən müqəddəs insan?
Hər ikisi: ─ Ana
Sevdiyin məşğuliyyət?
Əsəd: ─ idman
Nazlı: ─ rəqs.
Sevginizə bərabər bir sevgi?
Hər ikisi: ─ vətən sevgisi.
Dəyər verdiyiniz keyfiyyət?
Əsəd: ─ qəhramanlıq
Nazlı: ─ sədaqət hissi
Unudulmaz an?
Əsəd: ─ nişanımız.
Nazlı: ─ Əsədin mənə sevirəm deməsi.
Cazibəsinə valeh olduğun, özünə bərabər, tay bildiyin şəxs? Sevgin?
Əsəd: ─ Nazlı
Nazlı: ─ Əsəd
...Qarlı-şaxtalı bir qış günündə Əsədin hərbi xidmətə yola salınması üçün məclis təşkil olundu. Tükəz xala Nazlının köməyilə çeşid-çeşid yeməklər hazırladı. Qohumlar, dost-tanışlar, Əsədin şəninə xoş sözlər söyləyib, rəqs edib , şənləndilər. Tükəz xala dünyanın ən xoşbəxt insanıymış ki, oğlu Əsədlə onun sevgisi üst-üstə düşürmüş. Hər ikisi Nazlını özlərinə yaraşdırırmış, hər ikisi onu evlərində gəlin görmək istəyirmiş, hər ikisi onu sonsuz məhəbbətlə sevirmiş... Nazlı da öz növbəsində Əsədə bağlı, sevgili, hissiyatlı imiş. Get-gəllər, münasibətlər dərinləşdikcə aralarında ilahi bir məhəbbət, sonu görünməyən sevgi yaşandı. Bu yaşantı, bu rəvac kəndin bütün gəncləri tərəfindən yaxşı qarşılandı. Əsədi hamı sevir. Onun idman nailiyyətləri, uğurları saysızdı. Hələ orta məktəbin XI sinifində oxuyarkən Karate-do VKS üzrə Azərbaycan yığmasının üzvü, Avropa çempionu olmuşdu. Kiyevdə keçirilən yarışın final mərhələsində erməni dığasına qalib gəlməsi TV kanallarında yayımlananda onu bütün Azərbaycan xalqı tanıdı, sevdi. Bir ay ölkənin idman mətbuatı Əsədin qalibiyyətini işıqlandırmış, onun uğurlarından bəhs etmışdı. Bunlar bir yana. Əsəd öz ədəb-ərkanı, böyük-kiçik yeri bilməsi, davranışı, yanaşma tərzi ilə də tanıyanlarının diqqətini çəkib, onların dostuna çevirilmişdi.
Məclis gecədən xeyli keçənə kimi uzandı. Həmin gecə Əsədə ölkənin ayrı-ayrı bölgələrində yaşayan idmançı dostları, idman federasiyalarının nümayəndələri, müəllimləri, pərəstişkarları da zəng vurub təbrik etdilər. Gələn mesajların çoxunda“Kişilik məktəbi” adlandırılan əsgərliyə Əsədin onsuzda hazır olduğu önə çəkilirdi.
Əsəd əsgərlik üçün çətinlik görmürdü. Dostlarının düşündüyü kimi o, özünü “kişilik məktəbinə” hazırlıqlı bilirdi. Söhbətlərində Nazlıya da deyirdi ki, darıxma xidməti borcumu yerinə yetirim, hər şey yaxşı olacaq. Nigarançılığı tək Nazlıya olan məhəbbəti, ülfəti, onun Əsədsiz keçən günlərə münasibəti idi. Son günlər onlar daha çox bir yerdə olurdular. Bir yerdə olduqca da münasibətlər, mülahizələr, dialoqlar onların sevgisinə yeni bir nəfəs, rəng qatırdı. Dünya Əsədin gözündə qıpqırmızı, qələbə rəmzində görünürdü. O, qalib idi. Sevgisinə qalib, ürəyinin hökümünə qalib, idmanda qalib...
...Nazlı isə səadəti, sevgini, seçimi düzgün sayaraq özünü bəxtiyar hiss edirdi. Sanki ağ rəngə olan sevgi, məhəbbət Əsədlə bərabərlikdə ona saflıq, təmizlik rəmzi olan ağ günlər yaşadırdı. O günlər ki, sevgisinə tuş gəlmişdi, o günlər ki, məhəbbət dolu anlara düçar olmuşdu.
... Əsəd hərbi xidmətə getdi. “N” saylı hərbi hissədə ilk gündən fərqləndi. Təlim kurslarında oldu. Hərbi texnikanın sirlərini öyrənməkdə çətinlik çəkmədi. Komandirləri onu nizam-intizamlı, tapşırıqları vaxtında yerinə yetirən əsgər kimi tanıdı. İçdiyi hərbi anda sadiqlik, vətən sevgisi, xidmətdə fərqlənmə məğrurluğu günləri bir-birinə caladı, aylar arxada qaldı. Əsəd hər gün Nazlını yuxuda görüb, onu düşünürdü. Altı ayın tamamında anası Tükəz xala Nazlı ilə birliəşərək hərbi hissəyə Əsədin yanına getməsi gözlənilməz oldu. Hərbi hissənin qəbul otağından zəng vurub Əsədi çağırdılar. Əsəd gəldi. Anası Tükəzə və Nazlıya sarıldı. Onları qolları arasına alaraq, öpüb bağrına basdı. Beş-üç dəqiqə onlar baş-başa qaldılar. Sonra görüş üçün ayrılmış otağa keçdilər. Əsəd soruşdu:
─Kənd-kəsəkdə nə var, nə yox.?
Anası Tükaz xala:
─ Hər şey yaxşıdır, canım... ─ dedi.
Nazlı söhbətə qoşuldu:
─ Əsəd, idmançı dostun gəlmişdi, kubok və medalını gətirmişdi.
─Sağ olsun!
─Burada da idman olur?
─Ay Nazı, elə əsil idman buradadır də...
Tükəz xala qəbul otağında süfrə açdı. Apardığı yeməklərdən stola düzdü.
Əsəd:
─ Anacan, burada bizə elə xidmət edirlər ki, heç nəyə ehtiyacımız olmur. Yemək-içməyimiz boldur.
Tükaz:
─ Ay bala, bilirəm e, hər şey boldur. Axı bunları Nazlı biş-düş edib.
Əsəd:
─Nazlının yeməkləri... yox , yox yeməmək olmaz!
Onlar birlikdə nahar etdilər. Əsəd gözıənilməz gəlişdən məmnun idi. Bir-bir kənd uşaqlarını soruşdu:
─ Azər nə edir?
─ Xasayın toyu oldumu?
─ Güllü sağaldımı?
─ Xası evinin üstünü vurdumu?
Onu maraqlandıran sualları anası Tükəz xala və nişanlısı Nazlı cavablandırdıqca o, rahatlandı. Dedi ki, komandir üç aydan sonra məni məzuniyyətə buraxacaq. Allah qoysa on günlük evə gedəcəm. Siz məndən ötürü darıxmayın.
Üzünü nişanlısı Nazlıya tutub:
─Hər gecə yuxuma girirsən.
─ Necə görürsən məni?
─ Rəqs edən.
─ Sonra necə?
─ Ağ gəlinlik paltarında.
─ Daha sonra?
─ İlk dəfə sevirəm deməyini...
─Başqa?
─ Toyumuzu...
Görüşüb ayrılarkən Əsəd Nazlının əlindən tutub, soruşdu:
─ Mənə sözün?
Nazlı isə bir daha təpədən- dırnağa Əsədi süzüb:
─ Məktub yaz, ─dedi.
Onlar ayrıldılar. Bir neçə gün Əsəd özünü elə hiss etdi ki, sanki xidmətə yenicə başlayıb. Kövrəlirdi... Darıxırdı...
Əsəd artıq hərbi xidmətin bütün sirlərinə mükəmməl yiyələnmişdi. Sərhəd zonasında xidmət etdiyindən tez-tez düşmən atəşlərinin şahidi olurdu. Hər dəfə də yağı düşmən itki ilə geri otururdu. Azğınlaşmız düşmən yaşayış məntəqələrimizə, əkin –biçinlə məşğul olan dinc əhaliyə iri çaplı texnikalardan atəş açırdı. Ermənilərin irəli keçmək cəhdi elə gözlərində qalırdı. Od püskürən, yeri-göyü lərziyə gətirən belə döyüşlərin birində altı erməni zabitini qanına -qaltan edib, silahlarını gətirən Əsəd düşmən gülləsinə tuş gəldi. Və faciəli şəkildə həlak oldu. Vətən bir siravi əsgərini itirdi! İçində daim qəhramanlıq yaşayan bir əsgərini! Bir neçə yüksək rütbəli erməni zabitini məhv edən bir əsgərini!
...Əsədin cənazəsi doğma kəndlərinə gətirildi. Hamı matəm içində idi, hamı onun qəhramanlığından, cəsurluğundan danışırdı. Anası Tükəz xala və nişanlısı Nazlı bu faciəyəyə, bu itkiyə dözmürdülər...
...Hüzn gününün üçü , yeddisi çıxmışdı. Kənd poçtolyonu Ənvər kişi Tükəz xalagilin qapısına gəlib Əsədin nişanlısı Nazlıya yazdığı məktubu gətirmişdi. Gecikmiş məktub Əsədin qəhramanlığını əks etdirən sənədli filmdə istifadə olundu.
Səxavət Tağlar
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Yazıçı - publisist