|
Səadət Cahangir
Birinin dəvəsi itir. Axtara-axtara gəlib bulaq başına çıxır. Bulaq başındakı qızdan dəvəsini xəbər alır. Qız görmədiyini deyir, ardınca da ağlamsına-ağlamsına “məni də sevdiyimə vermədilər” söyləyir. Adam çaşır və qıza “bunun mənim
dəvəmlə nə əlaqəsi var”- soruşur. Qız da “heç, hər kəsin dərdi özünə dəvədir” deyir. Bizim halımız da elə buna bənzərdir. Ölkənin dərdini yüz dəvəyə yükləsən çəkə bilməz. Amma hər kəsin dərdi dəvə olunca, bu deyim də durumu izhar etməkdə gücsüz qalır. Fələk qarğamış kimi, məmləkətin üstünə bir üzdən atəş yağır. Savaş fəlakəti, iqtisadi böhran, qanunsuzluq, işsizlik, yoxsulluq. Daha bir ölkənin kədər tablosuna bundan tünd daha hansı rənglər qatılsın ki?..
Dünən bir tanışım təlaşla zəng vurub deyir ki, TQDK-nı ləğv etdilər, uşaqlarımız qalacaq ortada. Yazıq qadını anlayıram, qızı qəbul imtahanlarına hazırlaşır və neçə vaxtdır qəpik-qəpik boğazından kəsib onu repetitor yanına göndərir. Indi insan əndişələnməkdə də haqlı, kim bilir bu anlamsız təhsil “islahatı”nın kökündə nə dayanır. Illərdir insanlar bu hökumətə güvəni o qədər itirib ki, onun atdığı hər addımın, gördüyü hər işin içində bir bulanıq məsələ olduğunu düşünürlər. Doğrudan, iki daşın arasında hardan çıxdı bu qurumu ləğv etmək planı? Gerçəkdənmi, bu “yeniləşmə”nin ardınca kasıbın əngəlsiz oxumaq arzusu üçün yeganə çıxış yolu olan test üsulu da gedəcək tarixin arxivinə? Yenəmi bütün çıxış yolları arxa qapıların qaranlığından keçəcək? Yenəmi “ali” fakültələrin yolunda yoxsul balalarının üzünə qırmızı işıq asılacaq, pulsuz-parasızların seçim arzuları ürəyində qalacaq? Nədir bu məsələnin alt qatında duran niyyət, doğru-dürüst bilən varmı? 23 ildə sınıq-salxaq günə qoyulmuş, şikəst edilmiş, primitivləşdirilmiş təhsil sisteminin halı, bundan sonra necə olacaq? Bu sistemin içində yeganə sağlam mexanizm olaraq qalan testi sıradan çıxarmaq nə deməkdir, təsəvvür edirsinizmi?
Amma “islahat” müəllifləri hələlik testə heç bir təhlükə olmadığı barədə and-aman edirlər. Inanaq ki, belədir və yaxın gələcəkdə ölkənin yoxsul ailələrini deyilən acı sürpriz gözləmir…
Bu qanlı-qadalı günlərin içində təhsil məsələsini təsadüfən seçib yazmadım. Bir yandan TQDK-nın ləğv olunması gündəmə gəldi, o biri yandan da çevrəmizdə baş verən bütün faciələrin birbaşa təhsil problemi ilə bağlı olduğuna özünü açıq-aşkar sübuta yetirməkdə. Başımıza gələn böyük bəlalar, haqsızlığın zülm dərəcəsinə qədər qalxması, əlində səlahiyyət kağızı olanların hər kəsi buyruqçu gözündə görməsi… Bütün bunlar ətrafımızda şişən harınlıqlara, qansızlıqlara, hüquqsuzluqlara susub durduğumuza görə baş vermirmi? O yuxarıda oturan talançıların haramxor balaları ölkə-ölkə gəzib kefinə baxdığı halda, yataqxanada yaşayan müəllimin 700 bal toplamış yeganə övladı şəhid olursa, bu ədalətsizliyin ayaq tutub yeriməsində həm də bizlər günahkar deyilikmi? Haqqımıza girənləri, payımıza düşəni qapıb yeddi arxa dönəninə səltənət quranları, dövləti şəxsi mirası kimi idarə edənləri durdurmaq bizim borcumuz deyildimi? Görməzdən gələ-gələ gəlib hansı dalana dirəndiyimizi anladacaq söz tapmaq belə zor indi. Bu faciələri yaşamamaq üçün vaxtında hüququ ayaq altına salanlara, bizi əzdikcə əzib gözüqıpıq edənlərə, bütün təbliğat kanallarını mənəviyyatsızlıqlarla doldurub evimizə püskürdənlərə yerini göstərməliydik. Göstərməliydik ki, dərdimiz böyüyüb-böyüyüb dəvə boyda olmasın…
Azadliq.info