|
Elşad Paşasoy
Həmkarım Etibar Seyidağa danışır ki, azyaşlı qızı ad günündə özünə Allahdan planşet istəyirmiş. Bunu eşidən 6 yaşlı oğlu hirslə qayıdıb ki, “bacı, ayıb deyil, adam Allah babadan Kəlbəcəri istəyər, planşet yox!”
Bax, bu günlərdə bizim uşaqların fikri-zikri Qarabağdır, ordumuzdur, əsgərimizdir, bayrağımızdır. Atəşkəs günü məndən də oğlum “ata, nə oldu, əsgərlərimiz Şuşanı almadımı”-soruşmuşdu...
Son hadisələr göstərdi ki, bizim Qarabağ sevgimiz gen yaddaşımıza hopub, onu silib-atmaq mümkünsüzdür. Bunu dost da gördü, düşmən də. Ancaq eyforiyaya qapılmamalıyıq. Bəli, düşmənin burnu ovulub, qarşısında kim olduğunu nəhayət, anlayıb, ancaq bu, hələ son qələbə deyil. Nə qədər ki, böyük savaş başlamayıb, oturub bütün sahələrdə vəziyyəti saf-çürük eləməliyik, harda səhvlər oldu, daha nələr etmək olar ki, uğurlarımızın davamı gəlsin.
İndi növbə Azərbaycan diplomatiyasınındır. Danışıqlarda elə mövqedən çıxış etmək lazımdır ki, hər səngər uğrunda verdiyimiz şəhidlərin ruhu narahat olmasın. Hətta fotolar çəkdirəndə də unutmamaq lazım ki, qarşıdakı düşməndir. Aprelin ilk həftəsindəki birliyimizin qorunub-saxlanmasına çalışmaq lazımdır , daxili savaşa girsək, hamılıqla məğlub olacağıq. Təxribat planları işə salına, birliyimiz sarsıdıla bilər. Unutmayaq ki, hələ savaş bitməyib və arxa cəbhənin vəhdətdə olması çox önəmlidir.
Suriya böhranından sonra çıxılmaza düşən Rusiya Qarabağdakı əməliyyatları dayandırmaqla özünü dünyaya yeni statusda təqdim etmək şansı qazandı. Şübhə yoxdur ki, Moskva masa üzərinə öz maraqlarına xidmət edən sənədi qoyacaq. Əslində son səfərləri zamanı Rusiya rəhbərliyi Azərbaycandan nə istədiyinə işarə etdi. Sergey Lavrov “Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”, - dedi. Dmetriy Medvedev isə “Dağlıq Qarabağı tez-tələsik insan həyatı hesabına həll etməkdənsə, ən yaxşısı donmuş vəziyyətdə saxlamaqdır”-söylədi. Bundan sonra Moskvanın hansı müsbət təklifinə inanmaq olar?
Rusiya problemi doğrudan da həll etmək istəyirsə, öz hərbi müttəfiqi Ermənistana ultimatum verməliydi ki, öz əsgərlərini Qarabağdan çəksin. Bir telefon zəngi ilə Putin Sərkisyanı ayağına çağırmırdımı? Elə cəbhədə ağır artilleriya və tank atəşi də məhz Rusiya rəhbərliyinin müdaxiləsindən sonra dayandı. Deməli, Putin Azərbaycanın istədiyi həll yolunu istəmir, ən azı ordusunu Qarabağa yerləşdirmək istəyir, axı rus ordusu tarix boyu harasa girməyə öyrəncəlidir. Gürcüstana, Ukraynaya, Suriyaya... Bəs, indi hara? Plan məlumdur. Bütün dünya Qarabağ məsələsinin dondurulmuş saxlanmasını təhlükəli saydığı halda, Medvedev deyir gəl, dondurub saxlayaq...
Yoxsa 5+2 söhbəti ən yaxşı halda nağıl, ən pis halda isə bizə tələdir. Erməni həyasızcasına Lələtəpə və Talış yüksəkliyinin iddiasını edir, Rusiya bizi necə inandıra bilər ki, o, mərhələli şəkildə rayonları azad edəcək? Digər tərəfdən də lap 5 rayonun azad olunması baş versə belə, Laçın və Kəlbəcər daxil olmaqla Dağlıq Qarabağa əlvida “deməli” olacağıq.
Sərkisyanın isə artıq fatihəsi verilib. Ermənistan prezidenti ən azı Almaniyada Putini satdığına, başından böyük danışdığına görə cəzalanacaq, buna şübhə yoxdur. Həm də artıq Serjik ölkəsində bütün dayaqlarından bəhrum olub. Hakimiyyəti o qədər laxlayıb ki, hətta 1998-ci ildə istefaya göndərdiyi Ter-Petrosyanın ayağına gedib ondan məsləhət istəyir.
Qabaqlar Sərkisyan məsləhətə Putinin ayağına gedərdi. Vəziyyət dəyişib. Bu gün erməni xalqı “bizim oğullarımızı özgə torpaqlarında niyə öldürdün” sualına cavab istəyirlər. Ölkədə hər an üsyan başlaya, Moskvaya bağlı güc strukturları isə Serjiki tək qoya bilər. Ter-Petrosyansa istefaya yola salınanda sözünü demişdi: “Vaxt gələcək ermənilər azərbaycanlılara yalvaracaq”.
O vaxt yetişib, budur, başına bombalar yağan ermənilər Rusiya “bizi satdı” deyə, hay-küy salıb. Ancaq əslində bununla ermənilər növbəti dəfə satqınlıq missiyasını yerinə yetirir, bu dəfə də Rusiyanı satır. Putin isə bunu Sərkisyan iqtidarına bağışlamayacaq. Qarabağı bizə bağışlamadığı kimi. Ancaq Sərkisyanın gedişi durumu dəyişməyəcək. Azərbaycan növbəti savaşa hazırlaşmalıdır. Hamımız gördük ki, müharibə zarafat deyil.
Uşaqların da yuxusu qaçıb, Allah babadan Kəlbəcər istəyirlər. Heç olmasa bu savaşı bağça yaşlı balalar üçün saxlamayaq...